Apellyasiya instansiyası Abbas Hümmətovu həbsdə saxladı
Bakı Apellyasiya Məhkəməsində əməkdar artist Aygün Bəylərin qardaşı Abbas Hümmətovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Apellyasiya şikayəti A.Hümmətovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlıdır. Hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib.
Qeyd edək ki, Suraxanı Rayon Polis İdarəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2013-cü ilin iyun ayının 16-dan itkin düşmüş şəxs kimi axtarışda olan Bakı şəhər sakini Elnur Hümbətovun qətlə yetirildiyi müəyyən edilib. Faktla əlaqədar həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, E.Hümbətov 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və onun qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala qəsəbəsi ərazisində boğulma yolu ilə qətlə yetirilib.
Cinayəti törətməkdə şübhəli bilinən şəxslər polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılaraq barələrində həbs-qətimkan tərbiri seçilib.
Araşdırmalar zamanı məlum olub ki, qeyd edilən şəxslər cinayətin izini itirmək məqsədi ilə meyiti Qala qəsəbəsində əvvəldən müəyyən etdikləri yerdə basdırıblar.
Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə birgə baxış keçirilib və E.Hümbətovun meyitinin qalıqları basdırıldığı yerdən ekskumasiya olunaraq Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə göndərilib.
Faktla bağlı Suraxanı rayon prokuroroluğunda cinayət işi başlanılıb və iş digər istintaq hərəkətlərinin davam etdirilməsi üçün Bakı Şəhər Prokurorluğuna göndərilib. Hazırda istintaq davam edir.
Qeyd edək ki, öldürülən Elnur Hümmətov əməkdar artist Aygün Bəylərin əmisi nəvəsi, onun ölümünə görə tutulan şəxslərdən Abbas Hümmətov isə müğənninin qardaşıdır.
