Avropanın qarşıdakı qış mövsümündə ötənilki səviyyədə qaz tələbatını ödəməsi üçün təxminən 69 milyon ton mayeləşdirilmiş təbii qaz (LNG) idxal etməsi tələb olunacaq.
APA xəbər verir ki, bu barədə ABŞ-ın ən böyük LNG istehsalçısı və ixracatçısı olan “Cheniere Energy” şirkətinin icraçı vitse-prezidenti Anatol Feyqin telekonfrans zamanı bildirib.
Onun sözlərinə görə, Avropanın qış mövsümünün sonunda qaz anbarlarında təxminən 30 milyard kubmetr ehtiyat saxlayacağı fərz edilərsə, regionun 93 milyard kubmetr və ya 69 milyon ton LNG idxal etməsinə ehtiyac yaranacaq.
Bu göstərici ötən qışla müqayisədə təxminən 7 faiz çoxdur və əlavə 64 LNG partiyasına bərabərdir.
Feyqin bildirib ki, beynəlxalq bazarda mövcud qaz həcmlərinin azalması Avropanı digər alıcılarla daha sərt rəqabət aparmağa məcbur edə bilər.
Şirkətin əsas proqnozuna görə, istilik mövsümünün sonunda Avropadakı qaz anbarlarının doluluq səviyyəsi ötənildəki kimi 28 faiz təşkil edəcək.
Bununla belə, hava şəraitindən asılı olaraq, qışın sonunda ehtiyatların səviyyəsi əsas proqnozdan 10–15 faiz bəndi yüksək və ya aşağı ola bilər.
.
