Avropa İttifaqında (Aİ) Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlar aparmaq üçün xüsusi nümayəndənin müəyyənləşdirilməsi məsələsi müzakirə olunur.

Çexiya Prezidenti Petr Pavel Aİ ölkələrinin Rusiya ilə dialoq aparmaq üçün vahid nümayəndə və ya səlahiyyətli nümayəndələr qrupu müəyyənləşdirməli olduğunu bildirib. Avropalı diplomatlardan biri qeyd edib ki, danışıqlarda ayrı-ayrı şəxslərin eyni vaxtda Aİ adından çıxış etməsi səmərəli deyil.

“Biz hər biri Avropa İttifaqı adından danışan iki-üç nəfərlə danışıqlara gedə bilmərik”, – diplomat vurğulayıb.

Onun sözlərinə görə, nümayəndə seçilərkən daxili siyasi maraqlar deyil, danışıqların nəticəliliyi əsas götürülməlidir. Mümkün namizədlər arasında Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın adları çəkilir.

Maraqlıdır, əsas namizəd kim ola bilər? Rusiya belə bir təşəbbüsə necə yanaşacaq?

Bu barədə siyasi şərhçi Şakir Ağayev açıqlama verib. O, Avropa İttifaqında Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə axtarışlarının yeni məsələ olmadığını vurğulayıb:

Avropa Putinlə danışıq üçün namizəd axtarır: Kim olacaq?

“Bu proses əvvəllər də dəfələrlə gündəmə gəlib. Lakin son günlər mövzunun yenidən aktuallaşmasının səbəbi Rusiya ilə ABŞ arasında Ukrayna məsələsinin həlli istiqamətində danışıqların aparılması və müəyyən irəliləyişlərin əldə olunmasıdır. Hesab etmirəm ki, bu, artıq sülh müqaviləsinin imzalanması və ya müharibənin dərhal başa çatması deməkdir. Bununla belə, müəyyən irəliləyişlərin olduğu görünür. Hazırda Ukraynanın gələcəyi ilə bağlı məsələlərin Rusiya və ABŞ arasında müzakirə edildiyi təəssüratı yaranır. Avropa isə bu prosesdə kənarda qaldığını anlayır. Çünki danışıqlar masasında Avropa İttifaqı təmsil olunmur. Uzun müddətdir Avropa Rusiyadan təcrid olunmuş siyasət yürüdür və Rusiya ilə, o cümlədən Prezident Vladimir Putinlə birbaşa danışıqlar aparmaq istəmir”.

Ekspert hazırda vəziyyətin tamamilə dəyişdiyini bildirib: “Bildiyiniz kimi, Zelenski də dünən ərazilərin 25 faizindən güzəştə getməklə qalan 75 faizini qoruyub saxlamağa hazır olduğunu bildirib. Eyni zamanda, Donald Trampın Zelenskiyə münasibəti sərtləşir. Trampın təzyiqləri qarşısında çətin vəziyyətə düşən Ukrayna prezidenti də müəyyən güzəştlərə getmək məcburiyyətində qala bilər. Belə bir şəraitdə Avropa danışıqlar masasında yer almadığını görür. Onu da qeyd etmək lazımdır ki, Trampın Avropa İttifaqının bu danışıqlarda iştirakında xüsusi maraqlı olduğu görünmür. Buna görə də avropalılar danışıqlarda təmsil olunmaq üçün uyğun namizəd axtarırlar. Çexiya prezidenti də bu təkliflə çıxış edib. Bundan əlavə, bu gün Politico qəzetində Avropa İttifaqının məsələ ilə bağlı narahatlığını əks etdirən məqalə dərc olunub. Həmin məqalədə də qeyd edildiyi kimi, Udkovun Vladimir Putinlə 21 görüşündən sonra Avropa İttifaqında Rusiya prezidenti ilə birbaşa əlaqələrin vacibliyini qəbul edənlərin sayı artır. Bəs bu vəzifə üçün namizədlərə necə yanaşmaq lazımdır? Açıq deyim ki, Rusiyanın da ABŞ kimi Avropanın bu prosesdə təmsil olunmasında maraqlı olduğunu düşünmürəm. Çünki Avropa İttifaqı müharibə boyunca Rusiyaya qarşı mövqe tutub və Ukraynanı dəstəkləyib. Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da daxil olmaqla, Rusiya rəsmiləri dəfələrlə Avropanın məqsədinin Rusiyanı strateji məğlubiyyətə uğratmaq olduğunu bildiriblər. Rusiyanın Avropa İttifaqına münasibəti məhz bu mövqedən qaynaqlanır. Rusiya tərəfi dəfələrlə bəyan edib ki, Avropa İttifaqı Ukraynanı dəstəklədiyinə görə onun danışıqlarda tərəf kimi iştirakı məqbul hesab edilmir. Buna görə də Moskva Avropa İttifaqının prosesə birbaşa cəlb olunmasına müsbət yanaşmır. Bu məsələdə Tramp administrasiyası ilə Rusiyanın mövqeləri üst-üstə düşür".

Politoloq vasitəçi ilə bağlı təxmin də irəli sürüb:

" "Politico" qəzetində adı çəkilən namizədlərə gəlincə, onların arasında əvvəllər də gündəmə gəlmiş şəxslər var. Bunlardan biri Finlandiya Prezidenti Aleksandr Stubb ola bilər. O, Rusiya ilə münasibətləri tamamilə pozmayıb. Finlandiya Rusiyanın qonşusudur və iki ölkə arasında uzun sərhəd mövcuddur. Eyni zamanda, Stubb Avropa liderləri arasında Trampla yaxın münasibətləri olan şəxslərdən biri kimi qəbul edilir. İkinci namizəd kimi Avropa Şurasının sədri Antonio Koştanın adı çəkilir. Koşta da Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla müqayisədə Rusiya əleyhinə daha sərt bəyanatlarla çıxış etməyib. O, Rusiyaya münasibətdə nisbətən yumşaq mövqe nümayiş etdirib. Buna görə də onun namizədliyi də nəzərdən keçirilir. Nəticənin necə olacağını zaman göstərəcək. Təbii ki, bu prosesdə həm ABŞ-nin, həm də Rusiyanın mövqeyi nəzərə alınacaq. Lakin hazırda noyabr ayında keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşdə Avropa İttifaqı təmsil olunmur.

Rusiya, ABŞ və Ukrayna arasında görüşün Əbu-Dabidə keçirilməsi artıq elan olunub. Hələlik bu prosesdə Avropa İttifaqının iştirakı nəzərdə tutulmur. Əgər proses bu sürətlə davam edərsə, hesab edirəm ki, Avropa İttifaqı öz siyasəti nəticəsində danışıqlarda kənarda qala bilər. Avropa ölkələrinin, xüsusilə Fransa, Almaniya, İtaliya və digər dövlətlərin daxilində ciddi gərginliklər və sosial problemlər mövcuddur, bir sıra ölkələrdə kəskin etirazlar keçirilir. Belə bir şəraitdə Avropa liderləri xarici siyasətdə də öz mövqelərini gücləndirməyə çalışırlar. Ancaq nə Rusiyanın, nə də ABŞ-nin hazırda Avropa İttifaqının danışıqlarda əsas tərəf kimi iştirakında maraqlı olduğu görünür. Düşünürəm ki, Avropa İttifaqı bu prosesdə ən yaxşı halda köməkçi tərəf kimi iştirak edə bilər”.

.