Fransa və Almaniya əhalisinin əksəriyyəti belə güman edir ki, Avropanın alman faşizmindən xilas olunmasında həlledici rolu ABŞ ordusu oynayıb.
Virtualaz.org saytı xəbər verir ki, bu nəticəyə Böyük Britaniyanın "İCM Research” agentliyinin sosioloji tədqiqatları zamanı gəlinib.
Sorğunun nəticələrinə görə, fransızların 61, almanların isə 52 faizi Avropanın alman faşizmindən xilas olmasını ABŞ-ın xidməti saydığını deyib. Belə düşünən britaniyalılar isə cəmi 16 faizdir. Onların çoxu - 46 faizi belə düşünür ki, Avropa xalqları faşizmdən xilas olduqlarına görə Britaniya ordusuna minnətdar olmalıdır.
Bütövlükdə isə Fransa, Almaniya və Britaniyada rəyi soruşulanların 43 faizi ABŞ-ın II dünya müharibəsindəki rolunun müstəsna dərəcədə böyük olduğunu düşünür. Avropalıların yalnız 134 faizi Avropanın qurtuluşunda SSRİ-nin həlledici rol oynadığını zənn edir. Belə düşünənlərin çoxu Almaniya sakinləridir. Rəyi soruşulanların 19-24 faizi isə bu suala ümumiyyətlə cavab verə bilməyib.
Sorğu martın 20-dən aprelin 9-dək Britaniya, Almaniya və Fransa sakinləri arasında keçirilib. Sorğuya hər ölkədən 1000 nəfər olmaqla 3 min respondent qatılıb.
"İCM Research” agentliyi xatırladır ki, SSRİ ordusu müasir Avropa ərazisinin 50 faizindən çoxunu (SSRİ-nin Avropa hissəsi nəzərə alınmır) təkbaşına azad edib. Ən çox insan tələfatı verən ordu da sovet ordusu olub. Sovet ordusunun almanlardan xilas etdiyi və hazırda müstəqil dövlət olan 16 ölkənin toplam əhalisi 120 milyon nəfər olub. SSRİ ordusu digər 6 ölkənin ərazisini isə müttəfiqləri ilə bir yerdə azad edib.
