Aprelin 19-da Bizimyol.info-nun elektron ünvanına Amiz Mansurovla bağlı müraciət daxil olub. Müraciətdə bildirilir ki, 24 yaşlı A.Mansurov qaraciyər serrozundan əziyyət çəkir. Gəncin xalası oğlu Elmir Süleymanov yardım edə biləcək hər kəsdən köməyini əsirgəməməyə çağırıb:
"Amiz uzun illərdir ki, xəstəlikdən əziyyət çəkir. Bir müddət öncə vəziyyəti daha da pisləşdi. Valideynləri onu Rusiyaya apardılar. Həkimlər əvvəl dedilər ki, müalicə olunmalıdır. Ancaq müalicə davam edən müddətdə bildirdilər ki, artıq müalicə yetərli olmayacaq. Amizin yaşaması üçün əməliyyat olunması vacibdir. Qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilməlidir. Bunun üçün isə 200 min manat (130 min dollar) vəsait tələb olunur".
"Amizin 24 yaşı var. Politexnik universitetini 2 il öncə bitirib. Vəziyyəti hazırda yaxşı deyil. Get-gedə çəkisini itirir, rəngi solur. Düzdür, xəstəliyi uzun müddət idi ki, var idi. Ancaq durumu bu qədər ağır deyildi. Rusiyada müalicə olunduğu vaxt həkimlər onu Belarusa yönləndirdilər ki, təcili əməliyyat olunsun. Orda isə bildirdilər ki, donor daxil olmaqla bütün xərclər hamısı bir yerdə 130 min dollar tutacaq. Bu isə az vəsait deyil" - deyə E.Süleymanov bildirib.
E.Süleymanov deyir ki, Amizə yardım kampaniyası çərçivəsində bir çox universitetlərə müraciət olunub və onlara xəstəlik kağızını təqdim etmişik. Hazırda isə "28 Mall" ticarət mərkəzində yardım kampaniyasının təşkil olunması ilə bağlı danışıqlar gedir: "İdman akademiyasından bizə köməklik göstərdilər və digər universitetlərdən də bu addımları gözləyirik. "Amor" şadlıq sarayında ayın 20-də aksiya keçirəcəyik. İnsanlar dəvətnamə ilə dəvət olunublar. Bir çox imkanlı şəxsləri dəvət etmişik. Bilmirəm gələcəklər, ya yox. Kimin gücü nəyə çatsa, bizə köməklik göstərəcək". 

Bizimyol.info-ya müraciət edən E.Süleymanov deyir ki, Amiz ailənin tək oğludur və onun həyatı bizim əllərimizdədir: "Ailəsi çıxılmaz vəziyyətdə olduğundan bütün Azərbaycan xalqından bu ağır gündə gəncin ailəsinə kömək göstərməsini xahiş edirik. Bu ailənin bir yaxını olaraq yaşanan hər şeyin şahidiyəm. Anasının fəryadı, atasının hər gün əlindən gələni etməyə çalışması və getdiyi hər qapıdan, hər fonddan, hər qurumdan əliboş qayıtması Amizi və ailəsini məhv edir. Amizin tək çarəsi təcili olaraq əməliyyat olunmasıdır. Gəlin bir övladın ananın gözü qarşısında çarəsizcə ölməyinə razı olmayaq, mərhəmətimizi əsirgəməyək".
Qeyd edək ki, serroz qaraciyər toxumasının çapıqlaşmasını təsvir edən bir anlayışdır. Serroz zamanı qaraciyərin normal fəaliyyətini təmin edən hüceyrələrin miqdarı azalır və onların yerini çapıq toxuması tutur. Qaraciyərdə çapıqlaşma fərqli səbəblərdən baş verən iltihabi proses nəticəsində formalaşır. Serrozun ilkin mərhələlərində qaraciyər öz normal funksiyalarını yerinə yetirir. Amma sirrotik dəyişikliklər artdıqca qaraciyər orqanizm üçün həyati vaciblik daşıyan funksiyalarını həyata keçirə bilmir. Qaraciyər kifayət qədər həcmli orqan olub əsas hissəsi sağ tərəfdə olmaqla qarının yuxarı mərtəbəsində yerləşir. Qaraciyər bədəndə olan zərərli maddələrin parçalanması və xaric edilməsi, glycogen adlanan maddənin toplanması və lazim gəldikdə onu qlükozaya parçalayaraq bədənin energetik ehtiyaclarının ödənilməsi, qida vasitəsilə daxil olmuş yağ və zülalların həzm edilməsi, qanın laxtalanması üçün vacib olan zülalların sintezi, dərman maddələrinin parçalanması, bağırsaqlarda yağların parçalanması üçün vacib olan ödün yaradılaraq 12 barmaq bağırsağa ötürülməsi kimi vacib funksiyaları həyata keçirir.

