Avropa İttifaqının Hərbi Dəniz Missiyası (Aspides) Qırmızı dəniz və Ədən körfəzinin şərqində husilərin beynəlxalq dəniz nəqliyyatına qarşı hücum təhlükəsi barədə xəbərdarlıq edib.
Xəbərdarlıqda qeyd edilib ki, bu bölgədə gəmilər yenidən hədəf ola bilər və dəniz daşımaları ilə məşğul olan şirkətlərə xüsusi ehtiyat tədbirləri tövsiyə olunur.
Xatırladaq ki, ötən gün İrana dəstəkləyən Yəməndəki husi qruplaşması İsrailə qarşı raket hücumlarını bərpa edib. 28 mart axşam husi qruplaşması artıq münaqişəyə qoşulduqdan sonra İsrailə ikinci hava zərbəsini endirdiyini açıqlayıb. Husilərin nümayəndəsi Yahya Sarii bildirib ki, İsrail ərazisindəki “bir neçə mühüm hərbi obyektə” raket və pilotsuz uçuş aparatları ilə zərbə endirilib.
Qeyd edək ki, Hörmüz boğazı hazırda faktiki bağlıdır. Avropa İttifaqının Hərbi Dəniz Missiyası hesab edir ki, artıq Qırmızı dəniz və Ədən körfəzi vasitəsilə dəniz nəqliyyatı da risk altındadır. Missiya İsrail və ABŞ-la əlaqəli gəmilərin bu bölgədən keçməməsini tövsiyə edib.
Xatırladaq ki, husilər əvvəllər də Qırmızı dəniz və Ədən körfəzində ticarət gəmilərinə hücum ediblər. Bu sular dünyada ən vacib ticarət marşrutlarından biri sayılır , Şimali-Şərqi Afrika ilə Ərəb yarımadası arasında yerləşir və Aralıq dənizi (Süveyş kanalı vasitəsilə) ilə Hind okeanı (Bab-əl-Məndab boğazı vasitəsilə) arasında əsas əlaqə yolunu təşkil edir.
.
