Avropa Komissiyası "Demokratiya qalxanı" adlı yeni təşəbbüsünü təqdim edib.

Bu barədə Avropa Komissiyasının vitse-prezidenti Henna Virkunen və ədliyyə məsələləri üzrə komissar Maykl Makqrat Avropa Komissiyasının Kollegiya iclasından sonra Brüsseldə keçirilən mətbuat konfransında bildiriblər.

Təşəbbüs Avropa İttıfaqı məkanında və onun hüdudlarından kənarda dezinformasiya, saxta xəbərlər və seçki proseslərinə müdaxilə kimi hibrid təhdidlərə qarşı mübarizəyə yönəlib.

Təşəbbüsün əsas elementi Maykl Makqratın rəhbərlik edəcəyi Avropa Demokratik Davamlılıq Mərkəzinin yaradılması olacaq. Mərkəz dezinformasiya ilə bağlı onlayn kampaniyalara qarşı mübarizəyə yönələcək və onların təsirinə qarşı xüsusi metodlardan və müxtəlif alətlərdən istifadə edəcək.

"Yeni mərkəzə əsas məsuliyyəti mən daşıyacağam, komandam və bütün strukturlardakı həmkarlarımla birlikdə onu mümkün qədər tez işə salmağa çalışacağam", - deyə Makqrat jurnalistlərə deyib. O vurğulayıb ki, mərkəz Aİ-yə üzvlüyə namizəd ölkələr də daxil olmaqla qonşu dövlətlərlə və regiondan kənar tərəfdaşlarla əməkdaşlığa açıq olacaq.

"Demokratiya qalxanı" təşəbbüsü çərçivəsində digər tədbirlər də nəzərdə tutulur. Bunlara Aİ-nin Rəqəmsal Xidmətlər Aktına (DSA) uyğun olaraq rəqəmsal xidmətlər üzrə milli koordinatorlar üçün yeni alətlər toplusu, genişmiqyaslı dezinformasiya kampaniyalarına cavab vermək üçün yeni DSA böhran protokolu, eləcə də seçki proseslərində süni intellektin məsuliyyətli istifadəsinə dair təlimatların hazırlanması daxildir.

"Biz sürətli geosiyasi və texnoloji dəyişikliklər dövründə yaşayırıq. Demokratiya ciddi təzyiqlərlə üzləşir, xüsusilə Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra. Rusiya hibrid hücumlar həyata keçirir, informasiyanı manipulyasiya edir və digər müdaxilə formalarından istifadə edir", - Virkunen qeyd edib.

Onun sözlərinə görə, "Demokratiya qalxanı"nın məqsədi demokratik institutlara ictimai etimadı gücləndirməkdir və təşəbbüsün həyata keçirilməsi üçün Avropa İttifaqının maliyyə alətləri səfərbər olunacaq.

.