"Bu gün rəqəmsal platformalar qlobal informasiya sisteminin ayrılmaz hissəsinə çevrilib. Milyonlarla insan bu platformalar üzərindən məlumat alır və paylaşır. Rəqəmsal platformalar rəqəmsal iqtisadiyyatın formalaşmasında da mühüm rol oynayır".
bunu Milli Kibertəhlükəsizlik Agentliyinin İdarə Heyətinin sədri Fərid Zeynalov IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən “Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti: Müasir çağırışlar və vacib həllər” mövzusunda panel sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, müasir dövrdə informasiya təhlükəsizliyi artıq təkcə texniki məsələ deyil, dövlətlərin milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsidir.
F.Zeynalov bildirib ki, rəqəmsal platformalarda yayılan dezinformasiya ictimai rəyin formalaşmasına ciddi təsir göstərə bilir.
O qeyd edib ki, süni intellekt texnologiyalarından istifadə edilməklə reallıqdan seçilməsi çətin olan saxta foto, video və digər materiallar hazırlanır.
Agentlik sədri vurğulayıb ki, bu prosesdə ən həssas qrup uşaqlardır. Onlar kiberzorakılıq, onlayn təqib və rəqəmsal platformalardan həddindən artıq, nəzarətsiz istifadə nəticəsində asılılıq riski ilə üzləşirlər.
"Bu problemlərin həlli yalnız dövlətin deyil, eyni zamanda təhsil sisteminin, cəmiyyətin və ailənin də üzərinə düşən ümumi məsuliyyətdir. Azərbaycanda da bu istiqamətdə işlərə başlanılıb və rəqəmsal təhlükəsizliyin gücləndirilməsi üçün müvafiq tədbirlər həyata keçirilir", - deyə F.Zeynalov əlavə edib.
.
