Bakıda Koreya vətəndaşlarına qarşı quldurluq edən şəxs tutulub. Daxili İşlər Nazirliyinin saytının verdiyi məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 11-də Koreya vətəndaşları San Sung Gugdan və Tun Tong Hyundan 950 dollar, 600 manat və 3 ədəd telefonu quldurluq yolu ilə almış Bakı şəhər sakini Təhməz Əliyev tutulub.
"Yeni Müsavat”ın əldə etdiyi məlumatda deyilir ki, "Halla” şirkətinin direktor müavini San Sung Gugdan və şirkəti əməkdaşı Tun Tong Hyudan taksi sifarişi verərək Mərdəkan istiqamətinə getmək istəyiblər. Bu zaman taksi sürücüsü yoldan daha iki nəfəri götürüb. Naməlum şəxslər Mərdəkana çata-çatda Koreya vətəndaşlarının üstünə bıçaq çıxardaraq San Sung Gugdan və Tun Tong Hyundan 950 dollar, 600 manat və 3 ədəd telefonu götürüb qaçıblar. Cinayətkarlar ağ rəngli "Tofaş” markalı avtomobilə əyləşərək naməlum istiqamətə gediblər. Qarət olunan Koreya vətəndaşları bu barədə polisə məlumat veriblər. Keçirilən operativ axtarış əməliyyatı nəticəsində taksi sürücüsü Təhməz Əliyev tutulub. Hazırda digərlərinin axtarışı davam edir.
Qeyd edək ki, "Halla” şirkətlər qrupu iki əsas istiqamətdə - infrastruktur və inşaat, maşınqayırma və cihazqayırma üzrə ixtisaslaşıb. Şirkətin direktoru Chung Mongwondur. "Halla” şirkəti Bakıda avtomobil yollarının, yeni hava limanının inşasında iştirak edib. Hazırda şirkət Bakıda "Ağ şəhər” layihəsinin bir hissəsinin tikintisini həyata keçirir.
.