İran nüvə proqramı ilə bağlı öhdəliklərini yerinə yetirməzsə, o zaman ABŞ hərbi variant da daxil, müxtəlif cavab tədbirlərini nəzərdən keçirəcək. Musavat.com xarici informasiya qaynağına istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.
"Əgər biz müəyyən eləsək ki, Tehran hansısa yolla anlaşmanın şərtlərindən yan keçir, o zaman prezidentin öhdəsində hərəkət imkanlarının bütöv bir dəsti olacaq. Bu - əlavə sanksiyalar, beynəlxalq birliklə birgə koordinasiya olunmuş yeni addımlar və ya hərbi vasitələrdir” – deyib Ağ Ev rəsmisi.
Ernest 47 respublikaçı-senatorun İran rəhbərliyinə açıq müraciətini də şərh edib. Müraciətdə senatorlar Tehranı xəbərdar edirlər ki, nüvə proqramı ilə bağlı istənilən anlaşma yalnız Barak Obama prezident postunda qaldığı müddətdə qüvvədə olacaq. Ağ Ev nümayəndəsinə görə, respublikaçılar bununla da diplomatiyaya heç bir şans saxlamadan dərhal güc üsullarına keçmək istəyirlər..