Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı "Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə və qəzetin redaksiya üzvləri ilə görüşüb. 
Rektor qonaqlara görülmüş işlərin nəticəsi olaraq ADNSU-da tədrisin səviyyəsinin yüksəldiyini, müəllim-tələbə münasibətlərində neqativ halların aradan qaldırıldığını, imtahanların tam şəffaf şəkildə keçirildiyini bildirib. O kafedraların sayının 28-dək endirildiyini, müəllimlərin şəxsi inkişafı üzərində çalışmaları üçün həvəsləndirici tədbirlərin görüldüyünü, qeyd edib. 
M.Babanlı ADNSU-da elektron təhsil sisteminin yaradıldığını İT Akademiyanın açıldığını qeyd edərək tələbələr üçün nəzəri biliklərlə yanaşı təcrübi biliklərə də yiyələnmələri üçün şərait yaxşılaşdırıldığını bildirib. Görülən işlərin əsas nəticəsi kimi rektor tələbələrin təhsilə marağını göstərib. O 2015-2016-cı təhsil üçün ali məktəblərə qəbul olunan tələbələrin seçimində ADNSU-nun 435 balla üçüncü yeri tutmasını müsbət nəticə adlandırıb. Rektor ABŞ-ın məşhur Silikon vadisinin həmin ölkənin iqtisadiyyatına nə kimi töhfələr verdyinə diqqəti çəkərək hər bir universitetin innovasiyalar təklif etməli olduğunu vurğulayıb. O ADNSU tələbələrinin START UP layihələrinin həyata keçirilməsinə dəstək verildiyini və onların universiteti artıq şirkət qurmuş gənclər kimi tərk etməsinə çalışdıqlarını bildirib. Rektor görülmüş işlərlə yanaşı həllini gözləyən problemləri də xüsusilə qeyd edərək əsas problemlərdən biri kimi ölkədə təhsilin proqramının dünya aparıcı universitetlərinin proqramlarına uyğunlaşdırılması olduğunu diqqətə çəkib. Onun sözlərinə görə, azərbaycanlı tələbənin keçdiyi dərslərin Qərb universitetlərindəki tədrislə 10%-12% üst-üstə düşdüyünü və bunun nəticəsi olaraq ERAZMUS, TEMPUS və s. proqramlar vasitəsilə xarici ölkələrdə tədris prosesinə qatılan tələbələr üçün çətinliklər yaratdığını qeyd edib. O, bu problemin aradan qaldırılması istiqamətində işlərin aparıldığını qonaqların diqqətinə çatdırıb. 
"Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə zəngin tədris ənənələrinə malik ADNSU-nun vaxtilə çox böyük nüfuzu olmasını, son illərdə reytinqinin düşdüyünü qeyd edərək son aylar ərzində aparılan işlərin nəticəsində hazırda universitetin əvvəlki nüfuzunu bərpa etməsini, burada tamamilə yeni bir mühitin yaranmasını məmuniyyət hissi ilə bildirib. Həqiqi universitet yaratmaq işinin çətin olduğunu söyləyən Bayram Hüseynzadə görülən işlərin bundan sonra davam etdiriləcəyinə əmin olduğunu, "Azərbaycan müəllimi” qəzetinin də öz növbəsində baş verən dəyişikliklərin işıqlandırılması sahəsində əməkdaşlığı davsam etdirməkda maraqlı olduğunu vurğulayıb. 
Görüşdən sonra qonaqlar Universitetdə fəaliyyət göstərən Heydər Əliyev Lektoriyasına, Tarix muzeyinə baş çəkib, auditoriyalarda tələbələrlə söhbətlər aparıblar.
ADNSU Mətbuat Xidməti
.