"Nida" Vətəndaş Hərəkatının həbsdə olan üzvü Bayram Məmmədovun cinayət işi üzrə məhkəmə davam etdirilib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Bayram Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror ötən prosesdəki çıxışında B. Məmmədovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını xahiş edib.
Qeyd edək ki, NİDA Vətəndaş Hərəkatının üzvü B.Məmmədov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub. Rəsmi məlumata görə, onun üzərindən və evindən ümumilikdə 2 kq-dan artıq heroin götürülüb.
