Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Radik Məmmədov və Nazim Zəkərayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə Adik Xeyirov ifadə verib. O, ifadəsində Radiklə qonşu olduğunu deyib: "Mənim qardaşımı yeyib içmək adı ilə aparıb başına oyun açıb. Kişi kimi bıçaqla öldürməyiblər. Bilmirəm dəyəsən lom vurub öldürüblər. Bu Radikin özü falçılıqla məşğul olurdu. Qardaşım sürücüydü".
  
Digər zərərçəkən Nadir Məmmədov ifadəsində bildirib ki, Radik Məmmədov tərəfindən yatdığı yerdə bıçaqlanıb: "Evi eşiyi yox idi. Yazığım gəlib evdə saxlayırdım. Mənim yatdığım yerdə vurub telefonumu aparıb". Zərərçəkən qismində dindirilən Züleyxa Əhmədova ifadəsində Radik Məmmədovun ona 4800 manat dəyərində mobil telefon götürərək qaytarmadığı qeyd edib. Qətlə yetirilən şəxsin atası Tağı Tağıyev məhkəmədə çıxış edib. O bildirib ki, Radik mənə dedi ki, sənin oğlunu öldürməmişəm. Üzümə baxanda bildim ki, doğru deyir. Mənim oğlumun qatilini tapın". Təqsirləndirilən şəxs Radik Məmmədov isə çıxış edib ki, qətl törətməmişəm: "Üzümü tuturam Tağı kişiyə. Mən onsuz ömürlük gedirəm. Allah böyükdür, amma sən bil ki mən cinayət törətməmişəm. Düşməninizi axtarın". Məhkəmə prosesi mayım 23-ə qalıb.
 
Qeyd edək ki, 2015-ci il oktyabrın 18-də Xaçmaz rayonunun Ləcət kəndi yaxınlığındakı meşə massivində üzərində zorakılıq əlamətləri olan naməlum kişi meyiti tapılıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, tapılan cəsəd Xudat şəhərində yaşayan 1982-ci il təvəllüdlü Zamiq Namiq oğlu Xeyirovundur. Hadisədən sonra Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov və N.Zəkərayev tutulub. Təqsirləndirilən şəxslər Z. Xeyirovu quldurluq niyyəti ilə öldürdüyünü bildiriblər.
.