İyulun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan Xaçmaz rayon sakini 1988-ci il təvəllüdlü Anar Mahmudov və Şamaxı rayon sakini 1980-cı il təvəllüdlü Elvin Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttiham aktında qeyd edilir ki, Anar Mahmudov və Elvin Əsgərov terror təşkilatı kimi tanınan "Cəbhət Ən Nusra” adlı cinayət birliyin tərkibinə daxil olan "Cumdul Xəlifə” qruplaşmasının fəaliyyətində dini düşmənçilik zəminində hökumət əleyhinə döyüşlərdə iştirak ediblər.
"Həm Azərbaycan, həm də Suriya qanunvericiliyinə əsasən cinayət sayılan bu əməllərə görə hər iki şəxs xarici dövlətdə məhkum edilməyiblər” - deyə ittiham aktında qeyd edilir.
Anar Mahmudov ona elan olunmuş ittihama münasibət bildirərkən özünü təqsirli bildiyini söyləyib: "Mən internet vasitəsilə Suriyada gedən proseslərdən məlumat izləyirdim. Suriyada yaşayan müsəlmanlara əziyyət edildiyini görürdüm. Bu məqsədlə Xaçmazdan olan uşaqlarla əlaqə saxladım, Suriyaya getmək istədiyimi dedim. Türkiyədə yaşayan Xalid adlı şəxsin nömrəsini verdilər. Onun əlaqələri ilə Türkiyəyə getdim”.
2013-cü ilin fevralında Gürcüstana, oradan Türkiyəyə getdiyini söyləyən A.Mahmudov qaçaq yolla Suriyaya getməsindən danışıb: "Xalidlə danışdım. Qaçaq yolla məni Suriyaya keçirdi. Orada məni ləqəbi "Abu Hafs” olan İntiqam Əliyev qarşıladı. Onun rəhbərlik etdiyi "Cumdul Xəlifə” dəstəsinə qoşuldum. Amma ona biət etmədim”.
O, qoşulduğu dəstədə 10-12 nəfərin olduğunu, 5 ay onlarla birlikdə qaldığını və posta çıxdığını, təlim keçmədiyini və qanlı döyüşlərdə iştirak etmədiyini bildirib.
O, Suriyada olarkən necə yaralandığını da danışıb: "Postda olanda qarşı tərəfin hücumu zamanı ayağımdan yaralandım. 4 gün xəstəxanada yatdım. Əməliyyat olunandan sonra baş verənlərdən qorxmağa başladım. Və Azərbaycana qayıtdım”.
Suriyaya getdiyinə görə peşman olduğunu deyən A.Mahmudovun ifadəsində ora getdiyinə görə ona pul verilmədiyini söyləyib.
Əqidəsini əsas gətirərək Suriyaya getdiyini deyən təqsirləndirilən şəxs orada xeyli azərbaycanlılar gördüyünü söyləyib: "Elvini bir neçə gün ərzində görmüşəm. Onun döyüşlərə, təlimlərə getdiyini görməmişəm. Elvin ailəsini gətirəcəyini deyirdi. Azərbaycana getdi. Nə burda, nə də Suriyada heç bir cinayət əməli törətməmişəm”.
Əməlinə görə peşmançılığını təkrar dilinə gətirən A.Mahmudov Qarabağda müharibə başlayarsa, ora gedəcəyini də söyləyib.
Təqsirləndirilən Elvin Əsgərov isə ittihamlarla razılaşmadığını deyib: "Mən Suriyada idim. Amma "Cəbhət Ən Nusra”nın tərkibində olmamışam. Müsəlmanlara kömək etmək məqsədi ilə getmişəm. Cihada qoşulmaq istəyirdim. 2013-cü ilin fevralında evdən 300 dollar götürüb Türkiyəyə, sonra Suriyanın Artma şəhərinə getdim. "Abu Hafs”ın rəhbərlik etdiyi dəstəyə qatıldım”.
Suriyaya axın olduğunu deyən E.Əsgərov orada bir həftə olduğunu, heç bir döyüşdə iştirak etmədiyini söyləyib.
E.Əsgərov deyib ki, Suriyada olduğu müddətdə "Abu Hafs”a biət etməyib: "Allah şahiddir ki, mən yalan danışmıram, əqidəmə ziddir. Suriyaya döyüşmək üçün gələnlər də vardı, hicrət edənlər də, yaşamaq üçün gələnlər də. Ailə üzvlərimə, qardaşıma işləməyə getdiyimi demişdim. Onlar Suriyaya gedəcəyimi bilmirdilər. Ailəmi, azyaşlı uşaqlarımı Allah ümidinə qoyub getdim. Həlak olsaydım "əlhəmdülillah” öləcəkdim, bu niyyətlə getmişdim. Mən peyğəmbər (s.ə.s) yolu ilə gedənlərdənəm. Orada bir-birlərinə qarşı döyüşdüklərini gördüm, geri dönmək istədim”.
Sonra qoşulduğu "Abu Hafs”ın dəstəsinin döyüş əməliyyatlarına aparıldığını eşidən E.Əsgərov onlara biət etmədiyini və gördüklərindən təşvişə düşərək martın 13-də Azərbaycana qayıtdığını deyib.
Məhkəmə prosesi iyulun 25-də davam etdiriləcək.
.
