Daxili İşlər Nazirliyinin (DİN) Tibb İdarəsinin nəzdində fəaliyyət göstərən Xüsusi Həkim Komissiyasındakı işindən qovulan Solmaz Quliyeva heç yerdə iş tapa bilmir.

O, AzNews.az-a ünvanladığı müraciətində bildirir ki, işdən çıxarılan zaman haqsız yerə ona Əmək Məcəlləsinin "70 c” maddəsi tətbiq edildiyindən onu başqa qurumlara işə götürmürlər: "Mən məlum hadisə ilə bağlı 2014-cü ildə Ali Məhkəmə tərəfindən bəraət almışam. Lakin bu bəraəti görmürlər, məni işə götürmürlər. Bununla bağlı iki dəfə Ali Məhkəməyə müraciət etmişəm. İkisində də geri qaytarıblar. Bəs, mən hansı ölkənin Ali Məhkəməsinə müraciət edim? Ali Məhkəmənin Ərizə və Qəbullar Şöbəsinin rəhbəri mənim ərizəmi bu dəfə də geri qaytarıb. Məktubumun üstünə yazılıb şikayətinizə 432-ci maddəyə görə baxılmır və geri qaytarılır. Şikayət edirəm deyirlər şər-böhtan atıram. Bəraət almışam, deyirlər almayıb. Əgər mən bəraət almışamsa işimlə təmin olunmalıyam. Bəraət ala-ala niyə mən işsiz qalmalıyam? 3 uşağımı nəylə böyütməliyəm?”

S.Quliyeva daxili işlər naziri Ramil Usubovdan onu qəbul etməsini və "70 c” maddəsinin onun üstündən götürülməsini xahiş edir: "3 uşağım var, cənab nazir, onların yaşaması üçün mən işləməliyəm. Hara gedirəm, deyirlər səni işə götürə bilmərik. Deyirlər ki, səni o maddə ilə işdən kim çıxarıbsa, özləri də götürsün. Hamı məni geri qaytarır. Xahiş edirəm Ramil Usubov məni qəbul eləsin. Mənim bəraətim yalan deyil”. 

Xatırladaq ki, S.Quliyeva 1997-2012-ci illərdə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin nəzdində fəaliyyət göstərən Xüsusi Həkim Komissiyasında əvvəlcə laborant, sonra isə tibb qeydiyyatı işində işləyib. O, 2012-ci ilin oktyabrın 9-da Əmək Məcəlləsinin 70-ci (İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları) maddəsinin C (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) bəndi ilə işdən çıxarılıb.

Sözügedən məsələ ilə bağlı ətraflı məlumatı BURADAN oxuya bilərsiniz.

Daxili İşlər Nazirliyi də bu məsələ ilə əlaqədar AÇIQLAMA yaymışdı. Açıqlamada Solmaz Quliyevanın işdən haqsız yerə çıxarılması ilə bağlı səsləndirdiyi ittihamların heç bir əsası olmadığı bildirilir.
.