Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törədən 1997-ci il təvəllüdlü Sərxan Çobanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Ramella Allahverdiyeva sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı aprelin 27-ə təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi ötən il Sabunçu rayonunda baş verib. Rayon sakini 1997-ci il təvəllüdlü Şamo Yunisov naməlum şəxs tərəfindən bıçaqlanıb. Xəstəxanaya yerləşdirilən Ş.Yunisovu xilas etmək mümkün olmayıb.
İlkin araşdırmalar zamanı qətli onun həmyaşıdı Sərxan Çobanov tərəfindən törədildiyi məlum olub. Polis əməkdaşların əməliyyat-axtarış tədbirləri nəticəsində S.Çobanov tutulub.
Məlum olub ki, dostu ilə restoranda yemək yeyən Şamo Yunusov, onunla gödəkcələrini dəyişmək üstündə söhbət ediblər. Bu zaman yan masadakı gənclər söhbətə müdaxilə ediblər. Şamo və dostu tanımadıqları şəxslərlə söhbət etmək üçün restoranın qarşısına çıxıblar. Restoranın qarşısında Şamo dostu ilə arasında olan söhbətə müdaxilə etdiyinə görə Sərxan Çobanova irad tutanda, Sərxan cibindəki bıçaqla ona çoxsaylı xəsarətlər yetirib.
Mərhumun yaxınları Şamonun dindar olduğunu bütün vaxtını məsciddə keçirdiyi deyiblər.
.