“Fransanın Milli Assambleyası yenə də riyakarlıq göstərərək Senatın qəbul etdiyi qətnaməni kopyaladı”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Deputat bildirib ki, riyakarlığın ən yüksək nümunəsi Fransa Xarici İşlər Nazirliyinin verdiyi bəyanat idi: “BMT TŞ-da 44 günlük Vətən müharibəsi zamanı Fransa Prezidenti Makron Azərbaycana qarşı qətnamə qəbul edilməsini təklif edib. Özü də 2 dəfə! Bizi BMT TŞ-da o zaman Qoşulmama Hərəkatının üzvləri müdafiə etmişdi. 2 gün bundan əvvəl qəbul edilmiş qətnamənin mətnində erməni abidələri və Qarabağda yaşayan ermənilərin taleyinə yanırlar. Qarabağda hansı erməni abidəsi var?! Olan abidələr alban abidələridir, hamısını erməniləşdiriblər. Ermənilər Qarabağda abidə qoyub? Hamısını dağıdıblar. Ermənilərin taleyindən narahatdırlar, bəs 30 ildir Azərbaycanın 1 milyona yaxın qaçqın və məcburi köçkünün taleyinə niyə biganə idilər?! Niyə qoymursunuz Ermənistan və Azərbaycan sülh danışıqlarını aparsın?! Azərbaycanı erməni tarixi abidələrini dağıtmaqda günahlandırırlar. Böhtandır, yalandır. Bu gün Afrikanın 14 ölkəsi Fransanın dövlət büdcəsinə vergi verir. Budur sənin ədalətin?! Bilin və agah olun. Həddinizi aşmayın Fransa Prezidenti və Fransa senatı!”.

Sədr Sahibə Qafarova bildirib ki, heç bir erməni abidələrini Azərbaycan dağıtmayıb:” Siz tamamilə doğru deyirsiniz. 30 ildir azərbaycanlılar orada yaşamayıb. O zaman bu abidələri necə dağıda bilərdilər?!”.

.