Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə zərərməkmiş Nizami Kazımov ifadə verib.
Zərərçəkmiş bildirib ki, ona 2 milyon dollar ziyan dəyib. N.Kazımov istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, mülki iddiasının təmin edilməsini, dəymiş zərərin ödənilməsini tələb edib. O qeyd edib ki, hadisə vaxtı şəxsi bizneslə məşğul olub: "İki milyon dolları Vüsal Ələkbərova vermişəm".
Digər zərərçəkmiş Elşən Mədətov söyləyib ki, 250 min dollarlıq mülki iddia qaldırıb. Həmin şəxs də pulu təqsirləndirilən V.Ələkbərova verdiyini deyib: "Həmin vaxt Şirvan şəhərində zavod rəhbəri idim. "Texnikabank"ın rəhbərliyini həbs etmişdilər. Mənim də bankda pul var idi. Sonra məni çağırıb, hədə-qorxu gəldilər, həbslə hədələdilər. 250 min dollar pulumu Vüsal Ələkbərova verdim. Hadisədən sonra şəkər xəstəliyi tapmışam".
Daha sonra zərərçəkmiş Namiq Rzayev dindirilib. O vurğulayıb ki, təqsirləndirilən V.Ələkbərova 200 min, Mövlan Şıxəliyevə isə 300 min manat pul verib.
İclasda V.Ələkbərov vəsatətlə çıxış edib. O, birinci isntansiya məhkəməsinin protokolu ilə tanış olmadığını və buna görə məhkəmədən həmin protokollarla tanış olmasını istəyib.
Vəsatət baxılmamış saxlanılıb.
V.Ələkbərov çıxışında özünə qarşı irəli sürülmüş ittihamlarla razı olmadığını, günahsız olduğunu, özünü təqsirli bilmədiyini söyləyib. O, zərərçəkmişlərin onunla qərəzli olduqlarını bildirib. V.Ələkbərov barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Məhkəmənin mövbəti iclası dekabrın 14-nə təyin edilib.
.