Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər ifadə veriblər.

Zərəçəkmiş deyib ki, BSU-da magistr təhsili alıb: "Təhsil haqqı ödənişli olduğu üçün ildə 1 700 manat təhsil haqqı ödəməli idim. Dürdanə Əliyevaya məni çağırdı və təhsil haqqını ödədim, 3 il bu proses həyata keçirildi. Daha sonra işə düzəlmək üçün yenidən Dürdanə Əliyevaya müraciət etdim. O bildirdi ki, imtahan verim, sonra ona xəbər edim. İmtahandan 47 bal topladım. Orta məktəbə müəllimə kimi qəbul edirdilər. Buna görə Dürdanə Əliyeva məndən 12 000 manat pul istədi. Həyat yoldaşımla birlikdə pulu gətirib Dürdanə Əliyevaya onun otağında verdim. Sentyabr ayında evimizin yanında yerləşən 99 saylı orta məktəbdə müəllimə kimi fəaliyyətə başladım. Amma məlum oldu ki, mən sosial məzuniyyətdə olan bir müəllimin yerinə müvəqqəti işə götürülmüşəm. 6 aydan sonra işdən çıxarıldım. Hazırda işsizəm. Başqa məktəbə işə düzəlmək üçün əlavə imtahan verməliyəm. Dürdanə Əliyevadan şikayətçiyəm, pulumu geri qaytarsın”.

Daha sonra digər zərərçəkmiş Səriyyə Axundova dindirilib. O söyləyib ki, 1 200 manat təhsil haqqı D.Əliyeva tərəfindən mənimsənilib: “Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin bakalavr pilləsini bitirdim. Bakı Slavyan Universitetində Dürdanə Əliyeva ilə tanış oldum. Mən 1 illik təhsil proqramına daxil oldum. Dərs başlayanda Dürdanə Əliyeva məni çağırıb təhsil haqqını istədi. İlkin olaraq 1 000 manat, bir müddətdən sonra isə 200 manat pul verdim. Amma mənə təhsil haqqı ödənişi barədə heç bir qəbz vermədi. Mən ödədiyim pulun qəbzini tələb edəndə Dürdanə Əliyeva öz imzası ilə arayış verdi ki, həqiqətən məndən 1 200 manat təhsil haqqı alıb”.

Zərərçəkmiş Şəmsiyyə Hüseynova da ifadəsində bildirib ki, D.Əliyeva onun təhsil haqqını mənimsəyib: “Hər il üçün 1 500 manat təhsil haqqı ödəmişəm”.

Proses oktyabrın 18-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

.