Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Mixaylo Drapatıdan ordunun kadr tərkibinin yenilənməsi ilə bağlı təkliflər gözlədiyini bildirib, həmçinin Rusiyayla müharibəni başa çatdırmaq məqsədilə danışıqlar prosesinin davam etdirilməsi üçün ABŞ ilə yeni ideyaların müzakirəsinə hazırlıq barədə məlumat verib.

Ukrayna mediası xəbər verir ki, bu barədə V.Zelenski Kiyevdə İrlandiyanın Baş naziri Mixol Martinlə birgə mətbuat konfransında danışıb.

"Orduda kadr tərkibinin yenilənməsi olacaq. Mən yeni baş komandandan təkliflər gözləyirəm", - V.Zelenski bildirib.

Ukrayna lideri vurğulayıb ki, Müdafiə Nazirliyinin və Baş Qərargahın yeni rəhbərliyi ölkənin müdafiəsi ilə bağlı əsas vəzifələri birlikdə həll etməli olacaq:

"Mixaylo Drapatı və müdafiə nazirinin səlahiyyətlərini icra edən Yevgeni Xmara bu gün üçün əsas vəzifəni yerinə yetirməli olacaqlar. Bu, mənim həm Mixail Fyodorovun (sabiq müdafiə naziri), həm də Aleksandr Sırskinin (Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı) qarşısında qoyduğum həmin vəzifədir".

Onun sözlərinə görə, söhbət, xüsusən də, hava hücumundan müdafiənin gücləndirilməsindən və səfərbərlik sisteminin təkmilləşdirilməsindən gedir.

Bundan əlavə, V.Zelenski bildirib ki, ötən gün ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə baş tutmuş söhbət zamanı Ukraynada müharibəni başa çatdırmaq məqsədilə danışıqların davam etdirilməsinə dair ideyalar müzakirə olunub.

"Amerikalılara gəldikdə, biz bir neçə ideyanın ola biləcəyini danışdıq. Dünən mənə qısaca təqdim edilən bu ideyaların nədən ibarət olduğunu başa düşürəm. Mən müvafiq təklifləri aldım, biz onları amerikalılarla müzakirə edəcəyik. Çalışacağam ki, bunu yaxın vaxtlarda edək", - o bildirib.

.