Ukraynada hökumət əleyhinə keçirilən etiraz aksiyalarından sonra həbsdən buraxılan Yuliya Timoşenko ölkəsinin yeni baş naziri olmaqdan imtina edib. Bu barədə məlumat Timoşenkonun rəsmi internet səhifəsinə yerləşdirilib. Məlumatda bildirilir ki, yerli müxalifət baş nazir postuna Yuliya Timoşenkonu namizəd göstərərkən onunla mövzu barədə məsləhətləşməyib.
Ukraynanın həbsdən azad olunmuş sabiq baş naziri bunları deyib: "Mənim üçün hökumət rəhbəri postuna namizəd göstərilməyim gözlənilməz oldu. Bunu mənə öncədən heç kim deməmiş və mövzu ətrafında müzakirə aparılmamışdı. Hörmətə görə təşəkkür edirəm, ancaq mənim baş nazir olmağımı gündəmə gətirməyin."
Bu arada ABŞ-ın maliyyə naziri Cek Lyu Ukrayna müxalifətini yeni kabinet formalaşdırdıqdan dərhal sonra Beynəlxalaq Valyuta Fonduna maliyyə yardımı almaq üçün müraciət etməyə çağırıb. Cek Lyu bildirib ki, ölkəsi və Avropa İttifaqı da əsmi Kiyevə kreditlərin verilməsində yaxından kömək edəcək.
.
