Yaxın 5 ildə namizəd ölkələrdən heç biri Avropa Birliyinə üzvlük üçün şərtləri ödəyə bilməyəcək. Musavat.com-un məlumatına görə, bunu Avroparlament deputatları qarşısında çıxışında Avrokomissiyanın yeni seçilmiş sədri Jan Klod Yunker deyib.
"Yaxın 5 ildə Avropa Birliyinə üzv olacaq dövlət olmayacaq. Təsəvvürə gətirmək çətindir ki, namizəd ölkələrdən hansısa biri bütün zəruri şərtləri yerinə yetirib Avropa İttifaqının tərkibinə daxil ola bilsin”, - deyə o qeyd edib. Bununla belə, Yunker qəbulla bağlı danışıqların bütün namizəd ölkələrlə davam etdiriləcəyini söyləyib.
Ukraynadan danışan komissiya sədri onu "Avropa ölkəsi” adlandırıb: "Bu avropalı adamların yeri Avropadır”. Lakin Yunker Ukraynanın təşkilata üzvlüyünün mümkünlüyü haqda bir kəlmə də söyləməyib.
Hazırda AB-yə üzvlüyə 6 ölkə - İslandiya, Serbiya, Çernoqoriya, Türkiyə, Makedoniya və Albaniya iddia edir.
.