Yaponiya Prezident Vladimir Putinin İturup adasına səfəri ilə əlaqədar Rusiyaya qəti etirazını bildirib.
Bu barədə Yaponiyanın xarici işlər naziri Tosimitsu Moteqi "X" sosial şəbəkəsində yazıb.
"Bu gün mənə məlumat verdilər ki, Rusiya Prezidenti Putin İturup adasına səfər edib. Şimal əraziləri, o cümlədən İturup adası həm tarixi, həm də beynəlxalq hüquq baxımından əzəli Yaponiya ərazisidir və Yaponiya hökuməti bu səfərlə əlaqədar qəti etirazını bildirir", - T.Moteqi qeyd edib.
Qeyd edək ki, V.Putin bu gün Hokkaydo adasının yaxınlığındakı Böyük Kuril cərgəsinə daxil olan İturup adasına ilk dəfə səfər edib.
Yaponiyada Kuril adalarının cənub hissəsi "Şimal əraziləri" adlandırılır. Yaponiya dörd adaya iddia edir: Kunaşir, İturup, Şikotan və Habomay qrupu. Rusiya hesab edir ki, bu adalar üzərində suverenlik ona məxsusdur və mübahisələndirilə bilməz. Tokionun Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq, Moskva 2022-ci ildə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqları dayandırıb.
.
