
19 mart 2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov və Rayon İcra Hakimiyyətinin başçısının I müavini Vəzir Səfixanov Novruz bayramı münasibətilə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin-Babayev Vüsal Sübbuh oğlu, Nəbiyev Elmar Elman oğlunun ailələrini ziyarət ediblər.
YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov şəhid ailələrini Novruz bayramı münasibəti ilə təbrik edərək, bol ruzi və əmin-amanlıq arzulayıb, bütün Vətən müharibəsi şəhidlərinin ruhlarına Tanrıdan rəhmət diləyib. O qeyd edib ki, Azərbaycan tarixində Novruz bayramı yaşına, yaşam gücünə görə ilk sırada duran mədəniyyət abidəsidir. Novruz nəsildən nəsilə ötürülüb və hal-hazırda müstəqil və qalib Azərbaycanda təntənəli şəkildə qeyd olunur. Bu bayram dərin mifoloji-fəlsəfi, sakral köklərə malik olmaqla yanaşı millətimizi yüksək amallar uğrunda səfərbər edən vətənpərvərlik təntənəsidir. Sovet imperiyası dövründə üzərinə “dini bayram” damğası vurulub qeyd olunmasına sərt qadağa qoyulan bu əziz bayramın uzun illərin fasiləsindən sonra respublikamızda təntənə ilə qeyd edilməsinə başlanılması Ümummilli Lider Heydər Əliyevin öz xalqına, onun qədim, zəngin tarixinə, mədəniyyətinə, milli adət-ənənələrinə tükənməz məhəbbətinin əyani təzahürü idi. Natiq bildirdi ki, Ulu Öndər Heydər Əliyevin ideyalarının sadiq davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev də yüksək mənəvi dəyərlərimizi, adət və ənənələrimizi yaşadan bu ümumxalq bayramını sevimli xalqı ilə bir yerdə keçirməkdədir. Qürur verici haldır ki, 2009-cu il sentyabrın 30-da məhz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyi nəticəsində Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Ötən il Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə birlikdə xalqa Novruz bayramı təbrikini Şuşadan ünvanlaması, möhtərəm Prezidentin Cıdır Düzündə tonqal qalaması bizlərin hər birini növbəti dəfə qürurlandırdı, eyni zamanda duyğulandırdı.
Rayon İcra Hakimyyətinin başçısının I müavini Vəzir Səfixanov şəhid ailələrinə dərin hüznlə başsağlığı verərək, Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda 44 günlük Vətən müharibəsində adları tarixə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edilməsindən, dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışdı. O vurğuladı ki, ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü siyasətə uyğun olaraq rayon ərazisində yaşayan şəhid ailələri və müharibə əlilləri də dövlət qayğısı ilə əhatə olunub. Vətən müharibəsi başlanan ilk gündən Pirallahı rayon sakinləri də könüllü olaraq cəbhəyə yollanmaq məqsədilə Prezidentə çoxsaylı müraciətlər etdilər. Cəmi 22 min əhalisi olan rayondan yüzlərlə gənc könüllü olaraq torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə iştirak etdilər. Torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə 2 rayon sakini şəhidlik zirvəsinə ucaldı, 8 nəfər rayon sakini yaralandı. Hər iki şəhid ailəsi və qazilərin ailələrinin sosial problemləri rayon rəhbərliyi tərəfindən aradan qaldırılır. Mütəmadi olaraq rayon İcra hakimiyyəti və YAP Pirallahı rayon təşkilatının nümayəndələri Vətən müharibəsi şəhidlərinin ailələrinə baş çəkərək diqqət və qayğı göstərirlər.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.
.