Rusiya tərəfi bundan sonra da Azərbaycan-Ermənistan nizamlanmasına hər cür kömək göstərməyə hazırdır və ümid edir ki, Bakı və İrəvan sülh müqaviləsi imzalaya biləcəklər.

Bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Bu gün Azərbaycanla Ermənistan arasında sülhün mümkün olub-olmaması ilə bağlı suala cavab olaraq nazir müavini qeyd edib ki, “sülh müqaviləsinin əldə olunması daha çox normallaşmanın bütün yollarının gedişindən asılıdır”.

"Bizim köməyimiz məhz buna yönəlib, o cümlədən həm Bakıya, həm də İrəvanı qane edən mübahisəli məsələlər üzrə balanslaşdırılmış kompromis həll yollarının axtarışına yönəlib. Bu mövzuda Moskvada aparılan danışıqlar tərəflər arasında anlaşmanın yaxşılaşmasına, bir sıra məsələlər üzrə mövqelərin yaxınlaşmasına kömək etdi. Biz bu məqsədlər üçün Bakıya və İrəvana hər cür yardım göstərməyə davam edəcəyik. Ümid edirik ki, belə müntəzəm təmaslar yekun sülh razılaşmalarının əldə olunmasına imkan yaradacaq”, - deyə rusiyalı diplomat vurğulayıb.

Qaluzin xatırladıb ki, mayın 19-da Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistandan olan həmkarları Ceyhun Bayramov və Ararat Mirzoyan ilə ikitərəfli və üçtərəfli formatda danışıqlar aparıb. Bu tədbirlər çərçivəsində Ermənistan-Azərbaycan sülh müqaviləsi üzrə ayrıca görüş də keçirilib. “Belə müzakirələr üçün platformamızı təqdim etmək Bakı ilə İrəvan arasında sülh prosesində konkret nəticələrin əldə olunmasında Rusiyanın köməyinin elementlərindən biridir. Biz bu işi Rusiya liderləri arasında üçtərəfli razılaşmalara uyğun olaraq həyata keçiririk. Bu razılaşmalar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının əsasını təşkil edir", deyə o əlavə edib.

Rusiya XİN başçısının müavini qeyd edib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması işinə sülh müqaviləsi ilə yanaşı, nəqliyyat və iqtisadi əlaqələrin açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və ictimai təmasların inkişafı vasitəsilə etimadın möhkəmləndirilməsi kimi istiqamətlər daxildir.

.