
Humanitar yükün gətirilməsi məsələsində Ermənistan tərəfi siyasi manipulyasiyalar xəttini tutub.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadca Labibi ilə brifinqi zamanı deyib.
“Məqsədli şəkildə beynəlxalq humanitar təşkilatlar - ilk olaraq, Beynəlxalq Qızıl Xaç Komitəsini nəzərdə tuturam - tərəfindən həyata keçirilən məhdudiyyətlər, Azərbaycanın legitim olaraq təklif etdiyi Ağdam-Xankəndi yolunun bloklanması, onlara qarşı çıxması, yollara beton plitələrin düzülməsi tamamilə qəbuledilməzdir. Bu, beynəlxalq hüququn norma və prinsiplərinə ziddir”, - nazir əlavə edib.
Ceyhun Bayramov: Ermənistan bir sıra hərbi və siyasi təxribatlara yol verir
“Görüş zamanı son vaxtlar Laçın-Xankəndi yolu ətrafında cərəyan edən proseslər barədə də fikir mübadiləsi aparıldı”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda belçikalı həmkarı Hadca Labib ilə görüşdən sonra keçirilən brifinqdə deyib.
“Xanım nazirə son iki il yarım ərzində Laçın-Xankəndi yolundan Ermənistan tərəfindən qanunsuz istifadə halları və Azərbaycanın çoxsaylı çağırışlarına baxmayaraq, qanunsuz əməllərin istiqamətləri barədə məlumat verdim. Bildirdim ki, nəhayət, Azərbaycan öz suveren hüquqlarından istifadə edərək Laçın sərhəd-buraxılış məntəqəsini təsis etdi, bununla da, keçidin şəffaf və qaydalara uyğun formada həyata keçirilməsi təmin olundu”, - deyə nazir əlavə edib.
Ceyhun Bayramov bildirib ki, bütün bunları qəbul edə bilməyən Ermənistan bir sıra hərbi və siyasi təxribatlara yol verir: “Azərbaycan dövləti tərəfindən konstruktiv addımlar atılır. Sərhəd-buraxılış məntəqəsi bu gün fəaliyyətini davam etdirir. Beynəlxalq Qızıl Xaç Komitəsinin müraciətləri əsasında hər iki istiqamətdə keçidlər var, həmçinin Rusiya Sülhməramlı Kontingentinin müraciəti ilə yeri sakinlərin keçidi həyata keçirilməkdədir”.