Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında təqsirləndirilən Fərid Sadıqov və Zaur Əşrəfovun cinayət işi üzrə məhkəmə keçirilib.


Teleqraf.com-un məlumatına görə, hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə hökm oxunub. 


Fərid Sadıqov və Zaur Əşrəfovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və onlar 3 il sınaq müddəti ilə şərti cəza alıblar. 


Hər iki təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qəti imkan tədbiri ləğv edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb. Digər təqsirləndirilən, məhkəmə istintaqı dövründə təcridxananda vəfat edən Nüsrət Muxtarovla bağlı cinayət işinə xitam verilib.


Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror Fərid Sadıqovun 4 il, Zaur Əşrəfovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 


Dövlət ittihamçısı onların barəsində 70-ci (şərti məhkum etmə) maddənin tətbiq edilməsini və 3 il sınaq müddəti olmaqla şəti cəza verilməsini, həmçini məhkəmə dövründə vəfat edən Nüsrət Muxrarovun barəsində olan cinayət işinə xitam verilməsini təklif edib. 


İttihama görə, yanğın hadisəsi ötən il aprelin 10-da Bakının Xətai rayonu, Zığ yolu,16 ünvanda baş verib.
"TNH” şirkəti tərəfindən doqquzmərtəbəli yaşayış binasının fasadının poliuretan materialla üzlənməsi yanğınla nəticələnib. Bu hadisədən sonra Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarov həbs olunublar. Nüsrət Muxtarov iyulun 13-də saxlandığı Bakı İstintaq Təcridxanasında vəfat edib. 

 

Bundan sonra cinayət işi üz təqsirləndirilən şəxs qismində tanınmış və məhkəmə istintaqı zamanı vəfat etmiş Nüsrət Muxtarovun  nümayəndəsi olan onun oğlu Asif Muxtarov hərbi xidmətə gedib. Bu səbəbdən mərhumun qardaşı Elşən Muxtarov cinayət işi üzrə nünayəndə olacaq,  zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi üçün mülkü cavabdehliyi o daşıyacaq.


Yenizaman.az

.