İranın dini lideri ayətullah Əli Xamneyi iyulun 23-də tələbələrlə görüşərək bölgədə gedən proseslərdən, eləcə də Qəzza zolağında baş verən olaylardan danışıb.
"Media forum” saytının məlumatına görə, fələstinlilərin İsrailə müqavimətinə toxunan Xamneyi deyib ki, Qərb sahilində yaşayan fələstinlilər silahlanmalı və İsrailin məhvi üçün referendum keçirilməlidir: "Qəzza zolağında baş verən cinayətlər ağlasığmazdır. Bu cinayətlər uşaq qatili olan sionist rejimin mahiyyətindən xəbər verir. Yeganə çıxış yolu bu rejimin məhvi, ortadan qaldırılmasıdır. Əhali silahlı müqavimət göstərməli, silahlı müqavimət Fələstinin Qərb sahilinə qədər genişləndirilməlidir.
Sionist rejimin məhvi bölgədə yaşayan yəhudilərin qırğını anlamında deyil. Hesab edirik ki, hakim rejimin taleyini referendum və xalqın seçimi təyin etməlidir. Belə ki, bölgədə yaşayan insanlar referenduma qatılmalı və bu yolla öz hakimiyyətlərini elan etməlidir. 66 il ömrü olan bu saxta rejimə son qoymağın yolu budur”.
Xamneyi Amerikanın İsrailə dəstəyinə də toxunub: "Qərbin, o sıradan da Amerikanın həyasızcasına sionistlərin cinayətlərinə dəstək verməsi bizim üçün Qərbə və Amerikaya yanaşmamız baxımından önəmli bir təcrübədir. Biz başa düşməliyik ki, Amerikanın mahiyyəti məhz bundan ibarətdir”.
.
