Hər bir xalqın tarixində nümunə kimi qəbul edilən, milli dəyər hesab olunan şəxsiyyətlər var. İstər siyasətdə, istər ədəbiyyatda, istərsə mədəniyyət, incəsənət və digər sahələrdə belə şəxsiyyətlər həmin sahənin inkişafı, eləcə də ölkənin təbliğində böyük rol oynayırlar. Azərbaycan belə şəxsiyyətləri ilə məşhurdur və bu gün onlardan bir neçəsi canlı klassik olaraq tanınır.

Şübhəsiz ki, Polad Bülbüloğlu bu şəxslərin sırasındadır. O cümlədən, görkəmli muğam ustadımız Alim Qasımov da yaşayan əfsanə kimi qəbul edilir, həm ölkədə, həm də dünyada.

Bu şəxsiyyətlərin siyahısına daxil olan çoxsaylı adlar çəkə bilərik, lakin niyə indi bu iki şəxsdən bəhs etdik?

Təbii ki, heçnə səbəbsiz deyil. Qalmaqalları və yaşına yaraşmayan yüngül hərəkətləri ilə yadda qalan Əli Mirəliyevin son günlər Polad Bülbüloğlu və Alim Qasımov haqqında dedikləri bu şəxslərə toxunulmasının ölkəmizin milli sərvətinə əl uzatması məsələsini aktuallaşdırdı. Axı məsələ Əli Mirəliyevin qalmaqal və səviyyəsizcəsinə gündəmə gəlmək xatirinə növbəti açıqlamasından ibarət deyil. Söhbət Azərbaycan mədəniyyətinin, incəsənətinin nümunə hesab oluna biləcək şəxslərinə qarşı xoşagəlməz fikirlərdən gedir.



Polad Bülbüloğlunun timsalında bu, təkcə mədəniyyətimizə və incəsənətimizə yox, həm də dövlət xadiminə qarşı qəbul edilməz haldır.

Polad Bülbüloğlu Azərbaycan tarixində özünəməxsis izi olan şəxslərdəndir və bu gün təkcə ölkəmizdə yox, bütün MDB məkanında onun sənətinə, şəxsiyyətinə dərin hörmət var və o, öz sənəti ilə qazandığı bu hörməti daim Azərbaycanın milli və dövlət maraqları naminə istifadə edib.

Polad Bülbüloğlu dedikdə təkcə dahi Bülbülün oğlu yox, Azərbaycanın tanınmış bəstəkarı və müğənnisi, Xalq artisti, Türkmənistanın xalq artisti, TÜRKSOY-un keçmiş sədri və uğurlu diplomat yada düşür.

O, öz bəstələri və gözəl ifası ilə Azərbaycan incəsənətinə böyük töhfə verib. Təsadüfi deyil ki, dünyada fəxri adlara layiq görülən azsaylı azərbaycanlılardandır. Müstəqilliyin bərpasından sonra Polad Bülbüloğlu milli musiqimizin inkişafı istiqamətində mühüm işlər həyata keçirib. Mədəniyyət naziri olduğu dövrdə milli mədəniyyətimizin inkişafına və dünyada təbliğ olunmasına mühüm töhfələr verib. Bəlkə də yeganə nazirlərdən olub ki, MDB məkanında getdiyi bütün yerlərdə xüsusi hörmətlə qarşılanıb. Bu, onun sənətinə verilən qiymətdir və o, bu üstünlüyünü şəxsi maraqlarına yox, Vətənin milli maraqlarının müdafiəsinə həsr edib.

Onun nazir postunu tərk etməsindən sonr Rusiyada fövqəladə və səfir təyin edilməsi də təsadüfi deyildi. Rusiyada böyük hörmətə malik olan və kifayət qədər tanınan Polad Bülbüloğlu iki ölkə arasındakı münasibətlərin inkişafında, eləcə də Rusiya kimi güclü ölkənin Azərbaycanın maraqlarına uyğun mövqeyini gücləndirməsində rol oynaya bilərdi. Elə də oldu.

Polad Bülbüloğlu Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasında, dostluq tellərinin möhkəmlənməsindəki xidmətlərinə görə səfir olduğu ölkədə dəfələrlə təltif olunub. O, bu nüfuzundan məhz torpaqlarımızın azad edilməsi istiqamətində də geniş şəkildə istifadə edirdi. Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəni beynəlxalq ictimaiyyətə dürüst təqdim etdiyinə, diplomatiyaya qoyulan təbii məhdudiyyətlərə baxmayaraq Polad Bülbüloğlunun verdiyi bəyanatlar və müsahibələrdə ölkəmizin ədalətli mövqeyinin güzəştsiz olduğunu aşıladığına, ictimai düşüncədə mövcud olan anlaşılmazlıq və ziddiyyətlərə, işğal dövründə Qarabağa etdiyi cəsarətli səfərlərdə, münaqişəyə səbəb olmuş tərəfin – ermənilərin düz içərisində Azərbaycanın maraqlarına uyğun apardığı işə, yaratdığı “Məhəbbət və ölüm” baletinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində tamaşaya qoyulması ilə böyük mədəniyyətimizə verdiyi samballı töhfəyə, ölkəmizin imici üçün göstərdiyi səylərdə mənəviyyət və vətənpərvərlik nəzər nöqtəsindən çıxış etdiyinə görə Azərbaycanda “2009-cu İlin Adamı” elan edilib. Bu, hər şəxsin nail ola biləcəyi işlər deyil. Dövlət maraqları uğrunda xidmətlərinə görə Polad Bülbüloğlu 2015-ci ildə “Şərəf” ordeni ilə təltil olunub. Nadir azərbaycanlılardandır ki, Moskvada abidəsi ucaldılıb.



O, 2019-cu ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2020-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə ən ali orden olan “Heydər Əliyev” ordeni ilə təltif edilib.

Polad Bülbüloğlu Vətən müharibəsi dövründə milli maraqlarımızın müdafiəsi uğrunda ciddi fəaliyyəti ilə də yadda qaldı və qeyd olunmalıdır ki, o, bu fəaliyyətini Rusiya kimi ölkədə həyata keçirirdi. Öz cəsarətli çıxışları, həqiqəti açıq şəkildə dilə gətirməsi ilə tanınan Polad Bülbüloğlunun mahir diplomat kimi Azərbaycan-Rusiya münasibətlərinin daim yüksək səyiyyədə qalmasında mühüm əməyi var.

İncəsənətdən diplomatiyaya, milli maraqlarımızın müdafiəsindən mədəniyyətimizin dünyada tanıdılmasına qədər və saydıqca bitməyən qədər əməli fəaliyyətinə görə Polad Bülbüloğlu Azərbaycan tarixində qalacaq şəxslərdəndir.

Bu gün Polad kimi şəxsiyyətin adını məişət səviyyəli ucuz qalmaqalda səsləndirmək, Əli Mirəliyev kimi adekvat olmayan adamların onun haqqında xoşagəlməz ifadələr işlətməsi qəbul ediləncək hal deyil. Polad Bülbüloğlu Azərbaycan xalqının dəyərlərindəndir və dəyərlərə toxunulduqda bu təkcə fərdə qarşı yox, bütün xalqa qarşı atılan addımdır.



Eyni sözləri Alim Qasımov haqqında da deyə bilərik. Alim Qasımov Azərbaycan muğamını, Azərbaycan incəsənətini və öz sənəti ilə Azərbaycan həqiqətlərini dünyaya tanıdan şəxslərdən biridir. Onun xidmətləri dövlətin ali rəhbərliyi tərəfindən də daim diqqətə çatdırılıb, qiymətləndirilib. 

İndi Əli Mirəliyevin və onun kimi səviyyəsiz manıslar vasitəsilə Azərbaycanın milli və dəyərli şəxsiyyətlərinə qarşı bu cür hücumlar, yaxud onlara qarşı işlədilən ifadələr yumşaq desək qəbuledilməzdir. Bu gün Polad Bülbüloğlunun, Alim Qasımovun bayağı verilişlərdə hədəfə gətirilməsində Mədəniyyət Nazirliyinin də az məsuliyyəti yoxdur. Bu nazirlik artıq öz məsuliyyətini dərk etməlidir, görkəmli şəxslərimizin aşağılanmasına imkan verməməlidir, Əli Mirəliyev kimi xalqın zövqünü korlayan bayağı adamların efirlərdə "at oynatması"na qarşı səfərbər olmalıdır. 

Əgər Polad Bülbüloğlu, Alim Qasımov kimi dəyərləri qoruya bilməsək, xalq olaraq çox şey itirəcəyik.


Vasif Həsənli
Demokrat.az xəbər portalının baş redaktoru

.