Avropa İttifaqının (Aİ) Serbiya ilə danışıqları çərçivəsində 3-cü klasterin açılması ilə bağlı qərar verilərkən Baltikyanı, Skandinaviya və Benilüks ölkələrinin əsas iradı Serbiyanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməməsi olub.
Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.
O vurğulayıb ki, Serbiya həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətlər qurmağa davam edəcək: "Rusiyaya qarşı sanksiyalar tətbiq etdikdə birdən-birə son dərəcə "demokratik" ölkəyə çevrilirsiniz, Rusiyanın mətbuat orqanlarını bağlayanda daha "demokratik" olursunuz və məsələ bununla bitir. Biz Ukraynaya böyük hörmətlə yanaşırıq. Ukrayna dost ölkədir, Kosovonu tanımayan ölkədir və BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünə hörmətlə bağlı deklarasiya qəbul edib. Ancaq Rusiya da Serbiya üçün dost ölkədir, o da Serbiyanın ərazi bütövlüyünün qorunmasına tərəfdar çıxıb".
A.Vuçiç bildirib ki, Serbiya heç kimin təzyiqi, şantajı və ya buna bənzər vasitələrlə öz siyasətini dəyişməyəcək. "Müasir dünyada azad və müstəqil olmaq çox çətindir. Görürsünüz, hətta İspaniya üçün asan deyil, bir çox digər ölkələr üçün də asan deyil. Hər tərəfdən gələn bütün hücumlara, bütün nəsihətlərə və tənqidlərə dözmək çətindir", - Prezident əlavə edib.
.
