İraqda radikal sünni yaraqlılar Samarra şəhərini ələ keçirməyə çalışır.
Dünya şiələrinin əsas ziyarətgahlarından olan "əl-Əsgəri” məscidi bu şəhərdə yerləşir.
10-cu imam Əli əl-Naqi və 11-ci imam Həsən əl-Əsgərinin qəbri "əl-Əsgəri” məscidindədir. Məscid həm də onların mavzoleyidir.
Sünni yaraqlıların cəmləşdiyi "İraq və Şam İslam Dövləti” (İŞİD) adlı təşkilat indiyəcən tutduğu şəhərlərdə bir sıra şiə ziyarətgahlarını dağıdıb. Onlar bu ziyarətgahları İslama zidd sayırlar.
2006-cı ildə "əl-Qaidə”yə bağlı terrorçular məsciddə partlayış törədib qızıl günbəzi dağıtmışdılar. 2007-ci ildə isə məscidin minarələri də partladılmışdı.
"Əl-Əsgəri" məscidi bərpa edilir, 2009
"Əl-Əsgəri” məscidi 10-cu əsrdə tikilib.
Əli əl-Naqi və Həsən əl-Əsgəri Xəlifə Mötəsimin hərbi düşərgəsi olan Samarrada ev dustağı olublar və orada da dünyalarını dəyişiblər.
Radikal sünni yaraqlıların İraqda son məqsədi paytaxt Bağdadı ələ keçirməkdir.
İstər Bağdadda, istərsə də Kərbəlada, Nəcəfdə şiəliyin ən mühüm ziyarətgahları yerləşir.
Birinci imam Əlinin (Məhəmməd peyğəmbərin kürəkəni) qəbri Nəcəfdəki İmam Əli məscidindədir.
Kərbəlada İmam Hüseyn məscidi yerləşir. Məhəmməd peyğəmbərin Kərbəla savaşında öldürülmüş nəvəsi Hüseyn ibn Əlinin (üçüncü imam), eləcə də digər müqəddəslərin məqbərələri buradadır.
Əl-Abbas məscidi də Kərbəladadır. Abbas imamlar Həsən və Hüseynin qardaşı olub, Kərbəla çölündəki döyüşdə Hüseynin bayraqdarı Abbas idi.
Bağdaddakı "əl-Qadimiyyə” məscidində yeddinci imam Musa və 9-cu imam Məhəmməd Əl-Taqinin məqbərəsi yerləşir.
Bu şəhərlər hələ ki, İraq hökumətinin nəzarətindədir.
Bundan başqa ziyarətgahları könüllülər də qoruyur.
.
