Dövlət ümumi təhsil müəssisələrində vahid yanaşmanın formalaşdırılması, məktəbdaxili nizam-intizamın gücləndirilməsi və təhsil mühitinin ümumi prinsiplərinin müəyyənləşdirilməsi istiqamətində atılan addımlar təhsil siyasətinin mühüm istiqamətlərindən biridir. Təhsilalanların geyim forması ilə bağlı qaydaların təkmilləşdirilməsi də bu yanaşmanın tərkib hissəsidir. Burada əsas məqsəd yalnız məktəblilərin necə geyinməsini müəyyənləşdirmək deyil, həm də təhsil müəssisələrində vahid təşkilati mühitin, qarşılıqlı məsuliyyətin və ümumi dəyərlərə əsaslanan məktəb mədəniyyətinin formalaşdırılmasıdır.

Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli qərarı ilə “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə edilən dəyişikliklər bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Yeni tələblərə əsasən, şagirdlərin müəyyən edilmiş geyim formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir. Eyni zamanda, milli geyimlərdən və onların elementlərindən istifadə üçün Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı əsasında istisna nəzərdə tutulur.

Bu müddəalar vahid məktəbli formasının tətbiqini təkcə xarici görünüşlə bağlı məsələ olmaqdan çıxararaq hüquqi çərçivəsi müəyyən edilmiş təhsil siyasəti vasitəsinə çevirir. Qaydaların normativ sənəddə təsbit olunması məktəblər, şagirdlər və valideynlər üçün ümumi meyarların müəyyənləşdirilməsinə, tələblərin subyektiv yanaşmalardan asılılığının azaldılmasına xidmət edir.

Dünyəvilik prinsipi və milli-mənəvi dəyərlərin vəhdəti

Məktəblilərin geyim qaydaları müzakirə edilərkən “Təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda əksini tapan prinsiplər nəzərə alınmalıdır. “Təhsil haqqında” Qanunun 3-cü maddəsində millilik və dünyəvilik təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri kimi müəyyən edilib. Bu prinsip milli və ümumbəşəri dəyərlərin qorunması və onların vəhdətinin təmin olunması əsasında dünyəvi təhsil sisteminin yaradılmasını və inkişafını nəzərdə tutur.

2026-cı il 7 iyul tarixli qanun dəyişikliyi ilə “Ümumi təhsil haqqında” Qanuna millilik və dünyəvilik anlayışını ayrıca müəyyən edən müddəa əlavə olunub. Həmin dəyişikliklə dövlət ümumi təhsil müəssisələrində həm təhsilalanların, həm də təhsilverənlərin geyimlə bağlı tələblərə riayət etməsinin zəruriliyi də qanunvericilikdə təsbit edilib. Beləliklə, geyim məsələsi ümumi təhsilin təşkilinə dair hüquqi tənzimləmənin bir hissəsinə çevrilib.

Dünyəvilik prinsipi məktəbin hər hansı dini dünyagörüşünün təbliğ olunduğu məkan deyil, müxtəlif düşüncə və inanclara malik insanların ümumi təhsil standartları əsasında bir araya gəldiyi ictimai institut olması ilə bağlıdır. Bu prinsipin tətbiqi təhsil prosesinin vahid hüquqi və pedaqoji əsaslar üzərində qurulmasına xidmət edir. Bununla yanaşı, dünyəvilik milli-mənəvi dəyərlərin inkarı kimi başa düşülməməlidir. Əksinə, qanunvericilikdə milli və dünyəvi prinsiplərin yanaşı müəyyənləşdirilməsi onların qarşılıqlı uyğunluğunun qorunmasını nəzərdə tutur.

Milli geyimlərdən yalnız tarixi, mədəni və milli-mənəvi dəyərlərlə bağlı tədbirlərdə Pedaqoji Şuranın qərarı əsasında istifadə edilməsinə imkan verilməsi də bu yanaşmanın nümunəsidir. Beləliklə, məktəblərdə milli irsin tanıdılması və yaşadılması üçün imkan saxlanılır, eyni zamanda gündəlik tədris mühitində vahid geyim qaydaları qorunur.

Vahid forma məktəb kimliyini və kollektiv məsuliyyəti gücləndirir

Məktəb yalnız bilik və bacarıqların mənimsədildiyi məkan deyil. O, eyni zamanda uşaqların sosiallaşdığı, birgə yaşamağı, qaydalara əməl etməyi, başqalarının hüquq və maraqlarına hörmətlə yanaşmağı öyrəndiyi mühüm sosial institutdur. Bu baxımdan vahid məktəbli forması təhsilalanlarda kollektivə aidlik hissinin və məktəb kimliyinin formalaşmasına müsbət təsir göstərir.

Eyni məktəbin şagirdlərinin müəyyən edilmiş ümumi geyim formasından istifadə etməsi onların özlərini vahid kollektivin üzvləri kimi hiss etməsinə şərait yaradır. Geyim vasitəsilə sosial status nümayişinin məhdudlaşdırılması, dəb və şəxsi seçimlər ətrafında yarana biləcək rəqabətin azaldılması da bu yanaşmanın mümkün müsbət nəticələrindəndir. Belə mühitdə şagirdlərin diqqətinin xarici görünüşdən daha çox təhsilə, bilik və bacarıqların inkişafına yönəlməsi üçün əlverişli şərait yaranır.

Vahid geyim qaydaları sosial-iqtisadi fərqlərin məktəb mühitində nümayiş etdirilməsini, müxtəlif maddi imkanlara malik ailələrdən gələn uşaqların eyni geyim standartlarına əməl etməsi geyim üzərindən müqayisə və ayrı-seçkilik risklərini də aradan qaldırır.

Məsələnin digər tərəfi məsuliyyət hissinin formalaşmasıdır. Müəyyən edilmiş geyim qaydasına əməl etmək şagirdə ümumi qaydaların yalnız fərdi istəklərdən ibarət olmadığını, kollektiv həyatın təşkilində hər kəsin üzərinə müəyyən öhdəliklər düşdüyünü öyrədir. Bu təcrübə gələcəkdə əmək mühitində, ictimai münasibətlərdə və digər sosial sahələrdə qaydalara hörmətlə yanaşma vərdişlərinin formalaşmasına töhfə verəcək.

Məktəb və valideynlərin məsuliyyəti

Geyim tələblərinin effektiv tətbiqi yalnız normativ sənədin qəbul edilməsi ilə məhdudlaşmır. Burada məktəb rəhbərliyinin, Pedaqoji Şuranın, müəllimlərin və valideynlərin üzərinə mühüm vəzifələr düşür. Nazirlər Kabinetinin qərarına əsasən, valideynlər və ya digər qanuni nümayəndələr uşaqların müəyyən edilmiş geyim forması ilə bağlı tələblərə riayət etməsini təmin etməlidirlər. Sənədin tələblərinə əməl olunması ilə bağlı məsələlərin məktəbin Pedaqoji Şurası tərəfindən həll edilməsi də nəzərdə tutulur.

Bu yanaşma göstərir ki, məktəbdaxili intizam yalnız təhsil müəssisəsinin inzibati nəzarəti ilə təmin edilə bilməz. Ailənin də təhsil prosesində məsuliyyətli iştirakı vacibdir. Valideynlər uşaqlara qaydalara əməl etməyin mahiyyətini izah etməli, məktəblə əməkdaşlıq etməli və geyim tələblərinə riayəti gündəlik tərbiyə prosesinin bir hissəsi kimi qəbul etməlidirlər.

Digər tərəfdən, qaydaların tətbiqində aydınlıq və ardıcıllıq qorunmalıdır. Müəyyən edilmiş tələblər bütün şagirdlərə bərabər şəkildə şamil edilməlidir.

Məktəblilərə qaydaların səbəblərinin izah edilməsi də mühüm əhəmiyyət daşıyır. Vahid geyim, dünyəvilik, milli dəyərlərə hörmət və kollektiv məsuliyyət arasındakı əlaqənin izahı şagirdlərdə daha şüurlu münasibətin formalaşmasını şərtləndirəcək.

Məqsəd formal məhdudiyyət deyil, sağlam təhsil mühitidir

Dövlət ümumi təhsil müəssisələrində vahid geyim qaydalarının tətbiqinə daha geniş kontekstdə yanaşmaq lazımdır. Bu, sadəcə xarici görünüşün standartlaşdırılması deyil, təhsil mühitində ümumi davranış normalarının, nizam-intizamın və kollektiv məsuliyyətin gücləndirilməsinə yönəlmiş tədbirlərdən biridir. Məktəb mühitində hər bir şagirdin özünü təhlükəsiz və bərabərhüquqlu hiss etməsi, fərdi xüsusiyyətlərə hörmətlə yanaşılması və təhsil prosesinin əsas məqsədlərinin qorunması başlıca meyarlar olmalıdır.

Qaydaların uğurlu tətbiqi üçün hüquqi tələblərlə pedaqoji yanaşma arasında tarazlığın qorunması vacibdir. Məktəbin məqsədi şagirdlərin yalnız müəyyən edilmiş geyim formasına əməl etməsinə nail olmaq deyil, həm də onlarda məsuliyyət, qarşılıqlı hörmət, intizam və ümumi dəyərlərə bağlılıq hissini gücləndirməkdir.

Nəticə etibarilə, vahid məktəbli forması və geyim qaydaları təhsil siyasətinin təşkilati, sosial və tərbiyəvi aspektlərini birləşdirir. Dünyəvilik prinsipinin qorunması, milli-mənəvi irsə hörmət, sosial fərqlərin məktəb mühitində təsirinin azaldılması və vahid intizam qaydalarının tətbiqi bir-birini tamamlayan istiqamətlərdir. Bütün bunlar məktəbin yalnız bilik verən müəssisə deyil, həm də məsuliyyətli, intizamlı və cəmiyyətlə qarşılıqlı münasibətlər qurmağı bacaran gənclər yetişdirən sosial institut kimi rolunu gücləndirəcək.

.