Türkiyə tərəfi Rusiyaya xarici ticarətdə qarşılıqlı hesablaşmalar zamanı milli valyutalardan istifadəni təklif edib. Musavat.com-un Rusiya informasiya qaynağına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir.
Məlumatda təklifin nazir Aleksey Ulyukayevlə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi arasında Avstraliyada "20-lərin biznesi” çərçivəsində keçirilən görüş zamanı səsləndirildiyi deyilir. Müşahidəçilərə görə, Rusiya xarici ticarət hesablaşmalarında milli valyutalara keçmək məsələsini Ukraynaya görə Qərblə münasibətlərin soyumasından sonra ABŞ dollarından asılılığı azaltmaq niyyəti ilə ortaya atıb. Həmçinin bir neçə ay əvvəl Rusiya və Çin arasında ticarətdə ABŞ dollarından istifadə edilməyəcəyi barədə razılıq əldə olunub. Rəsmi Moskva və Pekin uzun müddət idi ki, iki ölkə arasındakı ticarətdə ABŞ dollarının dominantlığına son qoymaq istəyirdi. Ukrayna hadisələrinə görə ABŞ-ın Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi Moskvanın belə addım atmasına səbəb olub.
Ekspertlərin fikrincə isə, ABŞ sanksiyalarının tətbiqi təqdirində Rusiya başqa valyutanın istifadəsinə keçməklə yeni hesablaşma-ödəniş sistemi yaratmağa məcbur ola bilər. Digər qisim ekspertlər vurğulayırlar ki, Rusiya rəsmilərinin dollardan imtina ilə bağlı açıqlamaları sadəcə, siyasi bəyanatdır. Çünki dünyada əməliyyatların əksəriyyəti sivil sistem üzərində qurulur. Bu zaman dünyada qəbul olan, yəni dollar, avro, funt sterlinq, ya da İsveçrə frankı kimi konvertasiya olunmuş valyutalardan daha çox istifadə olunur. Dövlətlərarası müqavilələr bağlanarkən, ticarət əlaqələri qurularkən məhz bu valyutalardan, əsasən də ABŞ dollarından istifadə olunur. Rusiya yalnız MDB ölkələri ilə ticarət əlaqələrini öz milli valyutaları, yəni rus rublu ilə həyata keçirə bilər. Azərbaycandan satılan məhsullara görə rus rublu, Azərbaycana satılan məhsullara görə manatla ödəniş etmək mümkün olardı. Amma sonradan həmin valyutalar onsuz da beynəlxalq birjalarda yenidən daha stabil, dünyada qəbul olunmuş valyutalara çevriləcək. Bunun arxasında duran əsas məqsəd rus rublunu gələcəkdə bütün MDB məkanında vahid ödəmə vasitəsinə çevirməkdir.
Ekspertlərin bir qismi yaxın gələcəkdə Rusiyanın dollardan imtina niyyətinin gerçəkləşməyəcəyini də vurğulayıblar. Bildirilir ki, bunun üçün uyğun şərtlər mövcud deyil. Ekspert Samir Əliyev isə "Yeni Müsavat”a açıqlamasında bildirib ki, Türkiyə ilə bağlı xəbərlərin həqiqiliyinə şübhə etməyə əsas var: "Bu gün mətbuatda Türkiyə ilə Rusiya arasında tərəfdaşlığın genişləndirilməsinə dair məlumatlar dolaşır. Bu əməkdaşlıq Rusiya ilə hesablaşmalarda dollardan imtina və Türkiyənin Gömrük İttifaqı ilə əməkdaşlığının genişləndirilməsi kimi məsələləri əhatə edir. Məlumatlar daha çox Rusiya mətbuatının məhsulu kimi ortaya çıxır. Türkiyə tərəfdən bu məlumatların nə təsdiqi, nə də təkzibinə rast gəlinmir. Buna görə də bu xəbərin həqiqiliyi şübhə alındadır. İki ölkə arasında xarici ticarətdə dollardan imtinaya gəlincə, bu, inandırıcı gəlmir. Türk lirəsi dollara bağlı valyutadır. Dollarla hesablaşmalardan imtina problem yarada bilər. Milli valyuta ilə hesablaşmalar türk lirəsini bahalaşdıra bilər ki, bu da arzuolunan hal deyil”.
.
