Turan İbrahimlinin aparıcısı olduğu "ATV Səhər” verilişinin bağlanması ilə əlaqədar daha bir iddia ortaya çıxıb.
İddiaya görə, verilişin bağlanması heç də "mövsümün başa çatması ilə” bağlı deyil.
Musavat.com özəl mənbəyə istinadla bu verilişdə yayımlanan reportajların və şəxsən Turan İbrahimlinin ziddiyyətli şərhlərinin müəyyən dairələrdə ciddi narazılıq doğurduğunu yazıb. Saytın yaydığı xəbərə görə, T.İbrahimlinin müxtəlif rəsmi qurumlar haqda səsləndirdiyi qeyri-peşəkar ifadələr etirazlar doğurub:
"Turan İbrahimli bütün sədləri aşaraq, azərbaycançılıq ideologiyasını müdafiə etdiyinə görə, millət vəkili, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadəni faktiki təhqir etmişdi. Üstəlik, o, mütəmadi olaraq dövlət idarəçilik sistemi barədə cəmiyyətdə mənfi rəy formalaşdırırdı”, - mənbə deyib.
Mənbə onu da vurğulayıb ki, Turan İbrahimlinin "ATV Səhər”də Milli Şuranın aprelin 8-də keçirdiyi etiraz aksiyasına dəstək ifadə edən fikirlər səsləndirməsi də diqqətdən yayınmayıb.
"Verilişi bağlandıqdan sonra Turan İbrahimlinin özü də telekanaldan uzaqlaşdırılıb”, - deyə mənbə bildirib.
***
ATV kanalında yayımlanan "ATV SƏHƏR” İnformasiya proqramı bu mövsümlük fəaliyyətini dayandırır.
Bu barədə "ATV SƏHƏR” verilişinin müəllifi və aparıcısı Turan İbrahimov məlumat verib.
Turan İbrahimov qeyd edib ki, mövsümün bitməsinə onsuz da bir ay qalmışdı, rəhbərlik qərar verdi ki, elə may ayından etibarən yayımı dayandıraq.
Ümumiyyətlə, ATV kanalındakı fəaliyyətinizi davam etdirəcəksinizmi, sualına isə aparıcı bu cür cavab verib:
"Bəli, ATV-də fəaliyyətimi davam etdirirəm. Yalnız "ATV SƏHƏR” yayımını dayandırır. "ATV SƏHƏR”in yaradıcı heyəti də iş başındadır və kanalda öz fəaliyyətlərini davam etdirəcəklər."
Turan İbrahimov sonda onu da əlavə etdi ki: "Bilirəm ki, bu qərar müxtəlif söz-söhbətlərə, şayiələrə səbəb olacaq. Təbii ki, insanların fantaziyalarına sədd qoya bilmərəm. Hər kəs istədiyini düşünməkdə azaddır. Amma təklif edirəm ki, yalnız bu açıqlamamı nəzərə alsınlar və özlərini yormasınlar..."(enter.news )
.
