ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı razılaşmaya getməyəcəyi təqdirdə ölkənin əsas infrastrukturuna zərbələr endirilə biləcəyi ilə hədələyib.

“Fox News” telekanalına müsahibəsində Tramp bildirib ki, istəsə, İranın əsas körpülərini bir neçə saat ərzində, elektrik stansiyalarını isə bir günə sıradan çıxara bilər.

"Əgər geri qayıdıb işi başa çatdırmalı olsam, İranın əsas körpülərinin çoxunu iki saatdan az müddətdə məhv edə bilərəm. Bütün elektrik stansiyalarını isə bir gün ərzində sıradan çıxarmaq mümkündür. O zaman 91 milyon insan işıqsız və körpüsüz qalacaq. Əgər razılaşma əldə olunmasa, bunu edəcəyimi onlar bilirlər", – deyə Tramp vurğulayıb.

ABŞ prezidenti bununla belə, belə bir ssenaridən yayınmağa üstünlük verdiyini bildirib: "Əgər bunu etməməyin qarşısını ala bilsəm, bunu etməməyə üstünlük verərəm".

 Hörmüz boğazına nəzarət İranın deyil, ABŞ-nın əlindədir

ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazına nəzarət etmədiyini, boğaz üzərində nəzarətin ABŞ-nin əlində olduğunu bildirib.

Bu barədə Tramp “Fox News” telekanalına müsahibəsində danışıb.

"İran boğaza nəzarət etmir. Boğaza nəzarət edən bizik. Onlar bir neçə mina yerləşdirib vəziyyəti çətinləşdirə bilərlər. Amma boğaza nəzarət bizdədir", – deyə Tramp bildirib.

ABŞ prezidenti qeyd edib ki, Vaşinqton daha əvvəl Hörmüz boğazındakı blokadanı aradan qaldırıb, lakin İran razılaşmanın şərtlərini pozduqdan sonra məhdudiyyətlər yenidən tətbiq edilib.

"Biz blokadanı aradan qaldırdıq, sonra onlar razılaşmanı pozdular və biz onu yenidən tətbiq etdik. Onların razılaşmaları pozmasına daha dözə bilmərik", – deyə Tramp əlavə edib.

.