Regiondaxili ticarətin həcminin ən azı 20 milyard dollara çatdırılmasına yönəlmiş birgə fəaliyyət planı hazırlanmalıdır.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə çıxışı zamanı bildirib.
Qazaxıstan Prezidenti qeyd edib ki, birgə səylər nəticəsində ticari-iqtisadi əməkdaşlıq hər il yeni məzmunla zənginləşir, birgə müəssisələrin sayı artır və işgüzar əlaqələr möhkəmlənir.
Onun sözlərinə görə, sənaye, maşınqayırma, energetika və kənd təsərrüfatı sahələrində iri layihələr həyata keçirilir, ticarət maneələri aradan qaldırılır, sərhədlərdə buraxılış məntəqələri açılır, avtomobil və dəmir yolu əlaqələri genişləndirilir.
“Bununla belə, daxili bazarın potensialı hələ tam reallaşdırılmayıb. Ötən il regiondaxili ticarətin həcmi təxminən 13 milyard dollar təşkil edib. Bu, dövlətlərimizin ümumi ticarət dövriyyəsinin təxminən 8 faizinə bərabərdir”, – Tokayev vurğulayıb.
O, hökumətlərə regiondaxili ticarətin həcminin ən azı 20 milyard dollara çatdırılması və qarşılıqlı ticarətin payının mərhələli şəkildə artırılması üçün birgə fəaliyyət planı hazırlamağı təklif edib.
Tokayev dövlətlərin sərhədyanı ərazilərində yaradılan ticarət-logistika kompleksləri və sənaye kooperasiyası mərkəzlərinin böyük perspektivlərə malik olduğunu bildirib. Prezidentin fikrincə, regional əlavə dəyər zəncirlərinin formalaşdırılması məqsədilə həmin mərkəzlər gələcəkdə bir-biri ilə əlaqələndirilə bilər.
Qazaxıstan Prezidenti Orta Dəhlizin “Üç dəniz” təşəbbüsü ilə inteqrasiyasını təklif edib
Orta Dəhlizin “Üç dəniz” nəqliyyat təşəbbüsü ilə inteqrasiyası ekspertlər səviyyəsində müzakirə oluna bilər.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə çıxışı zamanı bildirib.
Tokayev Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına xüsusi əhəmiyyət verildiyini qeyd edib.
Onun sözlərinə görə, son illərin dinamikası Orta Dəhliz kimi tanınan bu marşruta tələbatın artdığını göstərir.
“Hesab edirəm ki, ilkin mərhələdə ekspertlər səviyyəsində Orta Dəhlizin “Üç dəniz” nəqliyyat təşəbbüsü ilə inteqrasiyası müzakirə oluna bilər. Bu, mövcud potensialı genişləndirər və dövlətlərimizin uzunmüddətli maraqlarına cavab verər”, – Qazaxıstan Prezidenti bildirib.
Tokayev qeyd edib ki, Qazaxıstan nəqliyyat infrastrukturunu ardıcıl şəkildə inkişaf etdirir. O, həmçinin, Çini Xəzər dənizi, daha sonra isə Avropa bazarları ilə birləşdirəcək “Aral–Xəzər magistralı” avtomobil yolu layihəsinin icrasına başlanıldığını diqqətə çatdırıb.
Qazaxıstan Prezidenti Dünya Bankının hesablamalarına istinad edərək bildirib ki, bütün infrastruktur vəzifələrinin yerinə yetiriləcəyi təqdirdə, 2040-cı ilədək Xəzər dənizi vasitəsilə yükdaşımaların həcmi dörd dəfə arta bilər.
Süni intellektdən məsuliyyətli istifadəyə dair regional bəyannamə hazırlanmalıdır
Qazaxıstan Mərkəzi Asiya dövlətləri və Azərbaycan tərəfindən süni intellektdən məsuliyyətli istifadəyə dair bəyannamənin hazırlanmasını təklif edir.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə çıxışı zamanı bildirib.
“Fikrimcə, kritik əhəmiyyətli texnologiyalara nəzarəti təmin edəcək yanaşmaların birgə hazırlanmasına başlamalıyıq”, – Tokayev qeyd edib.
Qazaxıstan Prezidenti bildirib ki, qlobal qeyri-sabitlik şəraitində regionda sülh və sabitliyin qorunması əsas vəzifə olaraq qalır. Onun sözlərinə görə, terrorizm, narkotiklərin qanunsuz dövriyyəsi, silah və insan alveri, qeyri-qanuni miqrasiya, mütəşəkkil cinayətkarlıq və dələduzluq təhlükəsizlik üçün ciddi təhdid yaratmaqda davam edir.
Tokayev cinayətkarların, xüsusilə narkokartellərin rəqəmsal texnologiyalardan istifadə etməsinin xüsusi narahatlıq doğurduğunu vurğulayıb. O qeyd edib ki, bu təhlükələrə qarşı mübarizə üsulları da müasir dövrün tələblərinə uyğunlaşdırılmalıdır.
Qazaxıstan Prezidenti region ölkələrini birləşdirən zəngin tarixi-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsinin ümumi mənəvi borc olduğunu deyib. O, humanitar əməkdaşlığın gənclər mübadiləsi, ali məktəblər və elmi qurumlar arasında əlaqələr, yaradıcı ziyalıların dialoqu vasitəsilə genişləndirilməsini təklif edib.
Tokayev, həmçinin 2027-ci ildə “Mərkəzi Asiya – xeyirxah əməllərin ümumi məkanı” şüarı altında könüllülük məsələlərinə dair gənclər forumunun keçirilməsi təşəbbüsü ilə çıxış edib.
O, Mərkəzi Asiya dövlətləri və Azərbaycanda keçirilən iri mədəniyyət, idman, turizm və elm tədbirlərinin ümumi təqviminin hazırlanmasını da təklif edib. Tokayevin sözlərinə görə, bu addım qarşılıqlı səfərləri stimullaşdırmağa və kombinə edilmiş tur paketləri vasitəsilə xarici turistləri regiona cəlb etməyə imkan verəcək.
Qazaxıstan Prezidenti Məşvərət görüşlərinin liderlərin birbaşa dialoqu üçün həddindən artıq rəsmiləşdirmədən uzaq platforma kimi qorunmasının vacibliyini bildirib. O əlavə edib ki, 2018-ci ildən irəli sürülmüş 200-dən çox təşəbbüsün yalnız cüzi hissəsi həyata keçirilib və regional təşəbbüslərin aktuallığı, perspektivləri və icra vəziyyəti xarici siyasət qurumları tərəfindən təhlil edilməlidir.
.
