“Dünyada əhalinin əksər hissəsi daha çox birinci doza vaksin olunanlardır”.

Bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsindəki canlı yayımda Baş infeksionist Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, hansı ölkədə yüksək səviyyədə vaksinasiya varsa, orada yoluxma çox deyil: “Hətta yoluxma çox olsa belə, ölüm sayları azdır. Məsələn, İsraildə 2000 yoluxma olsa belə, gündəlik ölüm sayı 7-8 olur. Belə böyük rəqəm üçün ölüm sayı azdır. Azərbaycanda da təxminən 5 milyondan artıq insan vaksinasiya olunub. İkinci doza peyvənd olunanların sayı 2 milyondan çoxdur. Təxminən 3 milyondan çox adam bir doza vaksin olunub. Təxminən 2 ay sonra iki doza peyvənd olunanların sayı 5 milyondan çox olacaq. Bu zaman vaksinin müsbət təsirlərini də daha yaxşı görə bilərik”.

Baş infeksionist deyib ki, bizdə yoluxma sayı artsa da, Türkiyə, Rusiya, Gürcüstanla müqayisədə daha idarəolunan vəziyyətdədir. Onun sözlərinə görə, ciddi olaraq qaydalara əməl edilməli, vaksinasiya prosesini isə bir qədər də sürətləndirmək lazımdır: “ Hazırda yoluxma 1700-dən çoxdur, noyabr-dekabr aylarında yoluxma ilə müqayisədə ölüm sayı daha çox idi. Bu gün yoluxanların 90 faizdən çoxu peyvənd olunmayan şəxslərdir. Sual yaranır, bir halda ki, daha çox yoluxan peyvənd olunmayandırsa, ölüm sayı niyə azdır? Bunun səbəbi odur ki, vaksinasiya strategiyasında ilk olaraq risk qruplarında başlanılıb, yəni yoluxan zaman ölüm riski çox olanlar ilk olaraq vaksin olunub. Bütün tədbirlər, əhalinin maarifləndirilməsi insanların məsuliyyətini dərk etmələri üçündür”.

Baş infeksionist əks-göstəriş sertifikatlarının kimlərə veriləcəyinə aydınlıq gətirib

“Əks-göstəriş sertifikatları əsasən yaşı 18-dən yuxarı, vaksinasiyanın hər hansı komponentinə ağır dərəcədə adekvat reaksiyası olan, hamiləlik və südvermə dövründə olanlara veriləcək. Bunlar qəti əks-göstərişlərdir”.

Bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsindəki canlı yayımda Baş infeksionist Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, bundan əlavə, nisbi əks göstərişlər də var, bunlar müəyyən sistem və orqanların xəstəliklərinin kəskin dövründə də ola bilər:

“Həmin şəxs kəskin xəstəlik dövründən sonra yenidən vaksinasiya ola bilər. Eyni zamanda, şəkərli diabet və onkoloji xəstəlik kimi bir sıra xroniki xəstəliklərin kəskin dövründə də əks-göstəriş sertifikatı verilə bilər. Komissiyalar bunu dəyərləndirəcək, amma hələ Komissiya işinə tam başlamayıb. Yəqin ki, əks-gpstəriş xəstənin o dövrdəki vəziyyətindən asılı olaraq bir müddətlik olacaq. Yəqin ki, bu insanlar vəziyyətlərii yaxşılaşdıqda yenidən peyvəndə dəvət oluna bilərlər. Birdəfəlik qadağanın olacağını düşünmürəm”.

Təyyar Eyvazov üçüncü doza vaksinin ilk növbədə kimlərə vurulmalı olduğuna aydınlıq gətirib

“İki doza vaksin almış şəxslərdə əmələ gəlmiş immunitet, anti-cisimlər vaxt getdikcə daha azalır. Bu, immun sistemi zəif olan şəxslərdə daha tez azalır”.

Bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsindəki canlı yayımda Baş infeksionist Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, üçüncü doza gücləndirmə dozasıdır, yəni yaranan anti-cisimlərin sayını artırmaq məqsədi daşıyır:

“İlk növbədə üçüncü doza vaksin olunmalı şəxslər tibb işçiləridir, xüsusilə də COVID-lə mübarizə aparan həkimlər, daha sonra 60 yaşdan yuxarı olanlar, müəyyən xəstəliklər səbəbindən immun sistemi zəif olanlardır. Bu şəxslərə üçüncü doza məcburi deyil, sadəcə tövsiyə edilir. Dövlət üçün insan sağlamlığı ön plandadır. Dünya təcrübəsi, Rusiya, Türkiyə, İsrail və bir sıra ölkələr də bunu edir”.

Baş infeksionist: "Çalışmaq lazımdır ki, tədqiqat olmayana qədər vurulan iki doza eyni vaksindən olsun”

Baş infeksionist Təyyar Eyvazov birinci və ikini dozalarda müxtəlif vaksinlərdən istifadə edilib-edilməməsi məsələsinə aydınlıq gətirib.

Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsindəki canlı yayımda baş infeksionist bildirib ki, bununla bağlı hələ tədqiqat yoxdur: “Sadəcə, Avropada belə bir təcrübə var. Amma çalışmaq lazımdır ki, tədqiqat olmayana qədər ən azı iki doza eyni vaksindən olsun”.

Təyyar Eyvazov: "Delta ştammı yoluxma sayını sürətlə artırır"

“İnsanlar koronavirusla bağlı arxayınlaşmamalıdır, pandemiya bitməyib, eyni zamanda, daha yoluxdurucu olan Delta ştammı yayılıb”.

Bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsindəki canlı yayımda Baş infeksionist Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, bu ştammın bir xüsusiyyəti də odur ki, yoluxma sayını sürətlə artırır:

“Gündəlik yoluxma sayına baxanda da bunu görürdük. Britaniya ştammında belə yoluxma bu qədər sürətlə artmırdı. Gürcüstanda da əhali sayı bizdən üç dəfə olsa da, gündəlik 5000-dən çox yoluxma var. Ona görə maska, məsafə saxlanılması gigiyenaya əməl edilməsinə diqqət edilməlidir. Ölkənin gün ərzində 100 min doza vaksin vurmaq imkanı var, dövlət bizə belə imkan yaradıb. Pis ssenari ilə üzləşməmək, qapanmamalara getməmək üçün əhali olaraq töhfəmizi verməli, yəni vaksinasiya olunmalıyıq”.


 

.