"İraq Şam İslam Dövləti" (İŞİD) qruplaşmasının silahlıları getdikcə Bağdada yaxınlaşır. Terrorçular Bağdad ətrafında 2 yaşayış məntəqəsini ələ keçirərək paytaxta daha 60 km yaxınlaşıb.
Son məlumatlara görə, əl-Əsəd mahalı silahlılardan azad edilsə də Calalula və Diyala hələ də İŞİD-in nəzarəti altındadır.
İraq hökuməti isə vəziyyətin müsbət istiqamətdə dəyişdiyini bəyan edib. Xəbərdə bildirilir ki, silahlılar tərəfindən tutulan Mosula desantlar göndərilib. Onlar havadan dəstək alaraq Mosul hava limanına hücum əməliyyatına başlayıb. Terrorçuların nəzarəti altında olan yerlərə aviazərbələr endirilir.
Qeyd edək ki, Mosulu ələ keçirən terrorçular Tiqritə də hücum edib. Tiqritdə ən azı 300 hərbçinin əsir götürüldüyü bildirilir. İŞİD bəyan etmişdi ki, onlar Bağdadı, daha sonra dünya şiələrinin ən müqəddəs şəhərlərindən biri olan Kərbəlanı ələ keçirəcəklər (ANS).
.