Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə Zərərçəkmiş kimi tanınan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Vüqar Babayev çıxış edərək hazırda dəymiş ziyanla bağlı təqsirləndirilən şəxslər tərəfindən ödəmələrin aparıldığını deyib. O, buna görə məhkəmə proseslərinə müəyyən vaxta qədər fasilə verilməsini istəyib.
Hakim isə vəkillərin çıxışından sonra fasilə veriləcəyini deyib.
V. Zeynalovun vəkili Bəylər Məmişov hüquqlarımı müdafiə etdiyi şəxs tərəfindən dövlətə vurulan ziyanın tam şəkildə ödəndiyini deyib. O, ödənən 7 milyon 330 min 536 manat məbləğində qəbzi məhkəməyə təqdim edib.
Sonra təqsirləndirilən şəxslərin vəkilləri çıxış ediblər.
Təqsirləndirilən Qəmbər Bəybalayev isə pulunun olmadığını, dəyən ziyanın ödəyə bilməyəcəyini deyib: "Məndə pul yoxdur, kişi kimi işləmişəm. Əli Abbasov o vaxt ziyanı ödəmək istədi, amma imkan vermədilər. Borcu yalnız Əli Abbasovdan alıb verə bilərəm. Mənə ümid olub, prosesi gecikdirməyin, zərəri ödəməyə pulum yoxdur. Xahiş edirəm, mənim haqqımda ədalətli qərar çıxarın".
Proses iyulun 19-da davam edəcək.(apa)
.
