"Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin "Faza 0" adlanan mərhələsində işlərin 96%-i başa çatıb".
Türkiyə mətbuatı xəbər verir ki, bunu TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol bildirib.
S.Düzyolun sözlərinə görə, TANAP-ın Bakıdan Əskişəhərə qədər olan hissəsi tamamlanıb.
"Yanvar ayında "Faza 0"ın test işlərinə start veriləcək. Əskişəhərdən Yunanıstan sərhədlərinə qədər olan "Faza-1” mərhələsində isə işlər planlaşdırılan təqvimlə davam etdiriləcək. İyun ayında TANAP Azərbaycan təbii qazını BOTAŞ-ın Əskişəhərdəki mərkəzlərinə nəql edəcək”, - deyə baş direktor əlavə edib.
"Cənub Qaz Dəhlizi" layihəsi regionun ən aktual layihələrindən biridir. "Şahdəniz-2" layihəsi üzrə hasil edilən qaz sualtı boru kəməri ilə Səngəçal Terminalına və daha sonra Cənubi Qafqaz Boru Kəməri (CQBK), TANAP və TAP vasitəsilə Türkiyə və Avropa bazarlarına çatdırılacaq. Layihə Gürcüstan və Türkiyə ilə birlikdə Avropa ölkələrinin davamlı enerji təhlükəsizliyi ilə əlaqədar strateji maraqlarına xidmət edəcək.
Türkiyəyə ilk qaz ixracı 2018-ci ildə, Avropaya isə 2020-ci ildə planlaşdırılır.
