“Reyncers” 10 illik fasilədən sonra Şotlandiya çempionluğunu qazanıb.

Stiven Cerrardın yetirmələri əsas rəqib “Seltik”in büdrədiyi XXXI turda qızıl medalları təmin edib.

“Reyncers” son 6 matçda uduzmasa, mövsümü məğlubiyyətsiz çempion kimi başa vuracaq. Son 10 ildə Avropada 10 belə komanda olub.

Son 10 ilin məğlubiyyətsiz çempionlarını təqdim edirik.

“Şemrok Rovers” - 2020
Avropa futbolunda bunu bacaran 5-ci klub olan “Şemrok Rovers” 93 il gözlədi və ötən il uduzmadan çempionluğu qazandı.

PAOK – 2018/19
Yunanıstanda son illər “Olimpiakos”un əsas rəqibinə çevrilən PAOK 34 illik həsrətə 2018/19 mövsümündə son qoydu. Razvan Luçeskunun rəhbərliyi altında komanda keçirdiyi 30 oyunun cəmi 4-də xal itirdi ki, onda da rəqibləri ilə bərabərə qaldı.

“Nomme Kalyu” – 2018
Estoni təmsilçisi 98 illik tarixə malikdir. Köklü klub olmasına baxmayaraq, “Nomme Kalyu” cəmi 2 dəfə çempion olub. İlk çempionluğunu 2012-ci ildə qazanan komanda 2018-ci il mövsümündə məğlubiyyət üzü görmədi.

“Seltik” – 2016/17
“Reyncers” bu mövsüm “Seltik”in dörd il əvvəlki nailiyyətini təkrarladı. “Yaşıl-ağlar” həmin mövsüm Şotlandiya kubokunu və Şotlandiya Liqa Kubokunu da muzeyinə aparıb.

“Styarnan” – 2014
1960-cı ildə yaradılan “Styarnan”ın aktivində cəmi bir İslandiya çempionluğu var. Onu da məğlubiyyətsiz əldə ediblər. Komanda həmin mövsüm keçirdiyi 22 matçın heç birində uduzmayıb.

“Dinamo”, Zaqreb – 2014/15
21 çempionluqla Xorvatiyanın ən titullu komandası olan “Dinamo” son 15 mövsümün 14-də qızıl medalları heç kimə verməyib. Buna baxmayaraq, komanda cəmi bir dəfə - 2014/15 mövsümündə məğlubiyyətsiz çempion olub.

“Porto” – 2012/13
Avropanın güclü komandalarından olan “Porto” bu nailiyyəti 2012/13 mövsümündə əldə edib. Buna rəğmən klub liderliyi XXIX turda çempionluğu isə son turda qazanıb.

“Linkoln” – 2011/12
“Linkoln” Avropada məğlubiyyətsiz ən çox çempion olan komandadır. Cəbəllütariq təmsilçisi 2009/10 mövsümündən başlayaraq ardıcıl 3 mövsüm uduzmadan qızıl medallara layiq görülüb.

“Debretsen” – 2011/12
Macarıstanın ən köklü klublarından “Debretsen” 7 dəfə ölkə çempionu olub. 6-cı çempionluğuna 2011/12 mövsümündə məğlubiyyətsiz qovuşan komanda həmin vaxt Macarıstan kubokunu da muzeyinə aparıb.

“Yuventus” – 2011/12
2006-cı ildə danışılmış oyunlara görə aşağı liqaya göndərilən “Yuventus” bir il sonra A seriyasına qayıtsa da, çempionluq üçün gözləməli oldu. Turinlilər bu həsrətə 2011/12 mövsümündə son qoydu və keçirdiyi 38 görüşdə uduzmadı. “Qoca sinyora” həmin vaxtdan bəri çempionluğu heç kimə vermir.

.