"Naftoqaz Ukrayna" şirkətinə təbii qazın alınmasının maliyyələşdirilməsi üçün əlavə təxminən 400 milyon avro vəsait lazımdır, Kiyev bu xərcləri qarşılamaq üçün beynəlxalq dəstəyə ümid edir.
Bu barədə Ukrayna baş nazirinin birinci müavini, energetika naziri Denis Şmıqal teleqram kanalında bildirib.
Onun sözlərinə görə, hazırda Ukrayna hökuməti ölkənin qarşıdan gələn istilik mövsümünə hazırlığı çərçivəsində qaz idxalını maliyyələşdirməyə hazır olan tərəfdaşların axtarışındadır.
Şmıqal həmçinin qeyd edib ki, Ukraynanın Enerji Sektoruna Dəstək Fondunun ödənilməmiş ehtiyacları 507 milyon avronu üstələyir.
"Biz bu mexanizm vasitəsilə yardımın cəlb edilməsi üçün diplomatların işini genişləndiririk. Bundan başqa, Ukraynanın enerji şirkətlərinə balanslaşdırıcı bazarın sağlamlaşdırılması üçün 600 milyon avro vəsait lazımdır", - o bildirib.
Şmıqal vurğulayıb ki, Kiyev "Energy Ramstein" formatının beşinci iclası çərçivəsində beynəlxalq tərəfdaşlarla koordinasiyanı da genişləndirmək niyyətindədir.
.
