"Qonşular sağ olsun. Biri ayaqqabı verib, biri paltar verib"

Ağdam rayonundan məcburi köçkün olan Həsənov Mirov ailəsi ilə birlikdə vaqonda yaşayırdı.


Əvvəl kirayələrdə qalan Mirov, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə dəfələrlə müraciət etsə də onlara cavab verilmədiyini deyir. 

Bizimyol.info xəbər verir ki, 3 ildir Bakı şəhəri, Xətai rayonu Naximov küçəsindəki vaqonda yaşayan ailə növbəti faciə ilə üzləşib. Belə ki, fevral ayının 12-də ailənin yaşadığı vaqon yanıb. 


Səhər saatlarında baş vermiş yanğın nəticəsində vaqondakı bütün əşyalar yanaraq kül olub. Hadisə zamanı 35 yaşlı Həsənov Mirov da qolundan yanıq xəsarəti alıb. Məcburi köçkünün dediyinə görə, 5 nömrəli xəstəxanada ona əsaslı tibbi yardım edilməyib: "Qolumu sarıdılar, iynə vurdular. Dedilər get. Təcili yardım gətirib məni yanan vaqonun yanına qoydu”. 

Vaqonları yanan ailə qalmaq üçün çadır tapıblar. Mirov deyir ki, əlacsız qalıb çadırda qalmağı düşünüblər. Amma qonşular buna imkan verməyib: "Qonşular sağ olsun. Biri ayaqqabı, biri paltar verib. Hələ ki çöldəyik. Hər gün bir qonşuda otururuq. Qohumlarla əlaqəmiz yoxdur. Heç kim bizə kömək etmir”.

«Qaçqınkom»a müraciət etdiyini deyən 2 uşaq atası Mirov, hələ ki, onlara bir cavab verilmədiyini bildirib. 

055 558 70 22 - Mirov


.