İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyada yerləşən Kral Feysəl və Şahzadə Həsən hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini açıqlayıb.
Bu barədə SEPAH-ın yaydığı bəyanatda bildirilib.
Bəyanata əsasən, hücum zamanı F-15 qırıcılarının hazırlıq anqarlarından biri vurulub. Həmçinin pilotsuz uçuş aparatlarının hazırlanması üçün istifadə olunan anqara endirilən zərbə nəticəsində qablaşdırılmış vəziyyətdə olan səkkiz ədəd yeni MQ-9 pilotsuz uçuş aparatı tamamilə məhv edilib, açıq ərazidə yerləşən daha iki MQ-9-a isə ciddi ziyan dəyib.
SEPAH bildirib ki, növbəti hücum zamanı bazadakı helikopter anqarı hədəfə alınıb və iki ədəd ağır ABŞ hərbi helikopterinə ciddi ziyan vurulub.
Bəyanatda qeyd olunub ki, sonrakı mərhələdə bazada yerləşən şəxsi heyətin yerləşdiyi yaşayış sahəsinə endirilən zərbə nəticəsində ölən və yaralananlar olub.
Qeyd edək ki, məlumatlar SEPAH tərəfindən yayılıb və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
.
