
Şəmkir rayonunda 7 nəfərin öldüyü ağır yol qəzasında xəsarət alanların adları məlum olub.
Yaralananlar arasında Ağstafa və Bakı sakinləri, həmçinin bir Gürcüstan vətəndaşı da var:
- M.Qəribov – 1995-ci il təvəllüdlü, Ağstafa rayon sakini
- N.Qəribova – 2004-cü il təvəllüdlü, Ağstafa rayon sakini
- K.Məmmədov – 1969-cu il təvəllüdlü, Ağstafa rayon sakini
- Ş.Pənahova – 1975-ci il təvəllüdlü, Bakı şəhər sakini
- B.Gözəlova – 1970-ci il təvəllüdlü, Gürcüstan vətəndaşı
Yaralılardan K.Məmmədovun vəziyyəti ağır olduğundan o, Gəncə şəhər xəstəxanasına aparılıb.
Qeyd edək ki, ölənlərin də bir neçəsinin Ağstafa rayon sakinləri olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
***
08:22
Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.
Bakıdan Qazaxa hərəkət edən "Mercedes" markalı "Sprinter" sərnişin mikroavtobusu yük maşınına arxadan çırpılıb. Qəza nəticəsində 7 nəfər hadisə yerində həyatını itirib. İlkin məlumata görə, ölənlərin əksəriyyəti qadınlardır.
Qəzada çox sayda sərnişin xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Şəmkir və Gəncə şəhər xəstəxanalarına çatdırılıb.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, araşdırma aparılır. Qəzanın səbəbləri dəqiqləşdirilir.
***
08:01
Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, qəza Bakı–Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata əsasən, hərəkətdə olan mikroavtobus yük maşınına çırpılıb. Qəza nəticəsində 7 nəfər ölüb, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
.