Əvvəllər daha çox kətan parça, həsir və kağızdan hazırlanan torbaları indi sellofan torbalar əvəz edir. Hazırda bir çox geyim və aksessuarların satışında kağız torbalardan istifadə edilsə də, supermarketlərdə bu ənənə hələlik formalaşmayıb. Ziyanlı olduğunu bilə-bilə, yenə istifadə edirik. Bəs görəsən bu torbaların yaratdığı xəstəliklər hansılardır? Əməkdaşımız mövzunu Lənkəranda araşdırıb.

Hər gün minlərlə insan alış-veriş edir. Bu zaman istehlakçıların aldığı ərzaq məhsulu, istərsə də qeyri-ərzaq məhsulları sellofan torbalara qoyulur. Bu əşyadan istifadə edən insanlar bilməlidir ki, bu torbalar sağlamlığımız üçün çox təhlükəlidir. Çünki sellofan torbalar polietilen tərkiblidir və bu kimyəvi maddə insan orqanizminə zərərlidir. 

Sellofan torbalarda ərzaq məhsullarının, xüsusilə də uşaq qidalarının saxlanılması olduqca təhlükəlidir. Çünki belə hallar qida zəhərlənməsinə də səbəb ola bilir. Çəkiliş aparıdığımız zaman əksər satış obyektlərində sellofan paketlərdən istifadə edilsə də bəzi mağazalarda kağız paketlər də mövcuddur. Lakin satıcılar deyir ki, alıcılara hər hansı bir məhsulu kağız paketdə təqdim etdikdə onlar narazı qalır.

Mütəxəssislər tövsiyyə edir ki, ərzaq məhsulları bu torbalarda daşınmamalıdır. Həkim–terapevt Ənvər Rüstəmov bildirdi ki,ölkəmizdə, o cümlədən Lənkəranda da buna nəzarət edilir. Bu iş sanitar-epidemioloji nəzarət idarəsinə tapşırılıb. Lakin plastik qablardan istifadə edilməsi, ona nəzarət nə qədər yaxşı təşkil olunsa da digər bu kimi vasitələr insan orqanizminə, sağlamlığına mənfi təsir göstərir.

Terapevt Ənvər Rüstəmov: "Bunların tərkibində dioksid deyilən zərərli maddələrin nəticəsində müxtəlif onkoloji xəstəliklərin əmələ gəlməsində faktor kimi rol oynaya bilər.”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə dəfərlərlə mətbuata açıqlamasında bildirib ki, hazırda bu sahədə müxtəlif problemlər mövcuddur. Təxminən 4 ildir ki, bu məsələlərlə bağlı xüsusi komissiya fəaliyyət göstərir. Azad İstehlakçılar Birliyi də bu komissiyanın üzvüdür. Komissiya əsasən tullantıların idarə olunması işini həyata keçirməklə məşğul olur. Əsas məqsəd Azərbaycanda polietilen torbalardan tamamilə imtinaya nail olmaqdır.

.