İşğaldan azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir.
Bunu Səhiyyə Nazirliyinin rəsmisi Cabir Muradov "Bakı İqlim Həftəsi 2026" (BCAW 2026) çərçivəsində keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, Böyük Qayıdış proqramına uyğun olaraq, bu işləri nazirlik görür: “Binalarda enerji effektivliyi pasportu tələbinin nə zamandan qüvvəyə minməsi bizə maraqlıdır. Biz xəstəxanaları layihələndirərkən, tək Azərbaycan Respublikasının qanunları deyil, ÜST-ün standartlarını da nəzərə alırıq. Maliyyə baxımından bunun perspektivi bizim üçün maraqlıdır”.
SN rəsmisi layihələndirmə prosesində layihəçi şirkətlər tərəfindən istifadə olunan izolyasiya materiallarının hansı standartlara uyğun olmasının tələb kimi müəyyən edilməsi məsələsinə toxunub.
Energetika Nazirliyinin enerji səmərəliliyi şöbəsinin müdiri Cahid Mikayılov sual cavab olaraq deyib ki, bu tələb 1 yanvar 2027-ci ildən qüvvədə olacaq: “Hazırda binalar hansı norma və standartlar əsasında tikilirsə, gələcəkdə də belə olacaq. Standartlar nə zaman yenilənərsə, o zaman bu standartlar dəyişə bilər”.
.
