Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin yenidən təsis edilməsinin 30 illiyi tamam oldu. Təbii ki, Türkiyə-Azərbaycan əlaqələrini 30 ilə sığışdırmaq olmaz. Şübhəsiz ki, Türkiyə-Azərbaycan əlaqələri dərindir.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

Diplomat bildirib ki, Türkiyə və Azərbaycan tarixin hər dövründə – sevincdə də, kədərdə də birlikdə olublar: "Tarixə nəzər salsaq, Çanaqqalada, 1918-ci ildə Bakının işğaldan azad olunmasında da buna şahidlik etmişik. 1992-ci il 14 yanvarla 2022-ci il 14 yanvar tarixini müqayisə etsək, ortaya iki məqam çıxır. Birinci amil, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin atdığı imza Türkiyə-Azərbaycan əlaqələrinin ən önəmli başlanğıcıdır. Bu, Xəzər neftinin, daha sonra qazının qlobal bazarda istisnasız olaraq Türkiyə üzərindən nəqlidir. Bu amil əslində ticari-iqtisadi, eyni zamanda, diplomatik əlaqələrimizi sürətli şəkildə dərinləşdirib. Son 20 il ərzində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin atdıqları imzalarla diplomatik əlaqələr strateji səviyyəyə yüksəlib. İmzalanan sənədlər müxtəlif istiqamətləri əhatə edir. Bu müddət ərzində yeni ticarət dəhlizləri yaranıb. Bunlardan Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP kimi əhəmiyyətli layihələr bizi bir-birimizə bağlayır, birlikdə hərəkət etməyimizə vəsilə olur".

Türkiyə səfiri: "Şuşa Bəyannaməsi"nə şahidlik etmək mənim üçün şərəfdir"

"Bu 30 ilin bəlkə də ən əhəmiyyətli tarixi anı Azərbaycanın kədər və hüznünün sevincə, zəfərə çevrilməsidir. Türkiyənin siyasi və mənəvi dəstəyi ilə Qarabağda Zəfərin qazanılmasıdır ki, bu da əlaqələri müttəfiqlik səviyyəsinə qaldırıb".

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

Səfir bildirib ki, "Şuşa Bəyannaməsi" bunun dünyaya bəyanıdır. 15 iyun 2021-ci ildə "Şuşa Bəyannaməsi" imzalanıb. Bu, bir səfir kimi adıçəkilən tarixi hadisəyə şahidlik etmək mənim üçün şərəfdir. "Şuşa Bəyannaməsi"nin hər sətri mənim üçün də, Azərbaycandakı hər bir qardaşımız üçün də əmrdir, təlimatdır. Biz münasibətləri daha irəliyə aparmaq üçün çalışırıq".

Səfir onu da diqqətə çatdırıb ki, 30 ilin xülasəsi əslində münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsidir: "Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi dövründəki Türk Şurası Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türk Dövlətləri Təşkilatına çevrilib. Bu, bizim birlikdə qazandığımız uğurdur, 5 üzv ölkə və 2 müşahidəçi ölkənin çiyin-çiyinə qazandığı uğurdur. Biz təkcə enerji, müdafiə sahəsində deyil, hər sahədə birlikdə addımlamalıyıq".

Türkiyə səfiri "3+3" formatının effektivliyinə münasibət bildirib

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı "3+3" formatının effektivliyinə münasibət bildirib.

Səfir deyib ki, "3+3" formatı Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan, İran və Gürcüstanın bu bölgədə birlikdə sülh və sabitlik içində ticarətini, iqtisadiyyatını gücləndirməyi hədəfləyən layihədir.

Diplomat bildirib ki, bu istiqamətdə işlər son dərəcə müsbət şəraitdə davam edir. Səfir vurğulayıb ki, Şərqlə Qərb arasında yerləşən bu 6 ölkə Ortaq dəhlizdə yerləşmənin üstünlüklərindən faydalanacaq və bunun nəticələrindən öz xeyirlərinə istifadə edə biləcəklər".

.