Azərbaycanda yay və qış vaxtına keçid ötən ildən ləğv olunsa da, hələ də müəyyən çaşqınlıq yaşanmaqdadır. Belə ki, əhalinin böyük hissəsinin istifadə etdiyi elektron qurğularda saat avtomatik olaraq yay vaxtına çəkilib. Nəticədə insanlar səhər saatlarında anlaşılmazlıqla qarşılaşıblar. Bizimyol.info xəbər verir ki, buna həmin cihazlarda müvafiq proqram yenilənmələrinin quraşdırılmaması və istifadəçinin telefonunun tənzimləmə parametrlərində "Vaxtın şəbəkədən avtomatik təyin edilməsi” və "Vaxt zonasının avtomatik təyin edilməsi” imkanlarının seçilməməsi səbəb olub.
Bu göstəriciləri seçməklə baş vermiş xətanı aradan qaldırmaq mümkündür. Əgər hər hansı kompüter sistemlərində də belə hallar aşkarlanarsa vaxtın təyin edilməsi panelindən "avtomatik vaxt zonasının seçilməsi” imkanını aktivləşdirmək lazımdır.
Qeyd edək ki, Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli qərarına əsasən ölkə ərazisində yay vaxtına keçid ləğv olunub. Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli qərarı qüvvədən düşmüş hesab edilib. Beləliklə, Azərbaycanda qış vaxtı qüvvədə qalıb.
Ölkəmizdə yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsini nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə Azərbaycan Respublikasında yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif edib. Bunu nəzərə alaraq, Nazirlər Kabineti müvafiq qərar qəbul edib.
.
