Rusiyanın Sverdlovsk vilayətində FPV tipli "Upır" pilotsuz uçuş aparatlarını istehsal edən müəssisənin rəhbəri Vladimir Tkaçuka qarşı sui-qəsd həyata keçirilib.
Bu barədə 66.RU portalı fövqəladə xidmətlərdəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə Yekaterinburq yaxınlığındakı Böyük İstok qəsəbəsində baş verib. Vladimir Tkaçukun olduğu “Mercedes” markalı avtomobil partladılıb.
Partlayış nəticəsində bir nəfər xəsarət alıb. Mənbələrin bildirdiyinə görə, ağır vəziyyətdə olan Vladimir Tkaçuk reanimasiya şöbəsinə yerləşdirilib.
Məlumata əsasən, istintaq orqanları ümumi təhlükəli üsulla törədilmiş qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açıb. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Qeyd edək ki, Vladimir Tkaçuk "Uraldronzavod"un baş direktorudur. Müəssisə Rusiya ordusunun istifadə etdiyi, zirehli texnikanı məhv etmək üçün nəzərdə tutulan "Upır" FPV pilotsuz uçuş aparatlarını istehsal edir. O, daha əvvəl bu dronun hazırlanması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə də görüşüb.
.
